Moskvadakı İqor Butman klubunda Azərbaycanın görkəmli caz bəstəkarı və pianoçusu Vaqif Mustafazadəyə (1940-1979) həsr olunmuş caz gecəsi keçirilib.
Sənətkarın doğum günü (16 mart) ərəfəsində Moskvanın məşhur caz məkanlarından birində əsərləri səslənib.
Konsertdə iştirak edən maestro İqor Butman məşhur Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin xatirəsinin daim cazsevərlərin qəlbində olduğunu qeyd edib. O deyib: “Mən onun yaradıcılığı ilə hələ çox gənc yaşlarımda tanış olmuşam. Vaqifin Sankt-Peterburqun “Kvadrat” caz klubunda və “Payız ritmləri” caz festivalında çıxışlarını heç zaman unutmaram. Sonralar biz qastrol səfərlərində görüşürdük. Onun ifasını dinləmək insana böyük zövq verirdi”.
Tanınmış caz ifaçısı Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb: “Sovet dönəmində bütöv bir nəsil Polad Bülbüloğlunun mahnılarını sevə-sevə dinləyib. İndi də Azərbaycanda gənc musiqiçilər nəsli yetişir. Məsələn, çox istedadlı pianoçu İsfar Sarabski ilə mən Parisdə caz festivalında tanış oldum və onunla bir səhnədə çıxış etmək mənə böyük zövq verdi”.
İqor Butman Azərbaycana sonuncu səfərini xatırlayaraq Bakının beynəlxalq mədəni tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini bildirib.
Xatirə gecəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Nigar Axundova, Vaqif Mustafazadənin ev-muzeyi və fondunun rəhbəri Afaq Əliyeva, pianoçu Qriqori Fayn və başqaları çıxış edərək görkəmli musiqiçinin bənzərsiz, virtuoz ifa texnikası, özünəməxsus harmonik dili ilə dinləyicilərin qəlbini fəth etməsindən danışıblar, sənətkarın ilk dəfə caz musiqisində Azərbaycan koloritindən, muğamlardan istifadə etdiyini, caz-muğam janrının banisi olduğunu qeyd ediblər.