Lüksemburqda “Xiffətdə olan qadınlar” xeyriyyə assosiasiyası qadın rəssamların əsərlərindən ibarət kollektiv sərgi təşkil edib. Sərgidə azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri yer alır.
Uşaqlara rəssamlığın ən incə elementlərini tədris edən gənc azərbaycanlı rəssam təkcə rəsmlə kifayətlənməyib, mahnıya, poeziyaya da yer ayırır. O, əsərlərində daha parlaq rənglərə üstünlük verir. Ölkəmizin təbiətinə vurğun rəssam əsərlərində tariximizi, bu günümüzü və təbiətimizi tablolara köçürür.
“Ümumiyyətlə, hər bir rəngi sevirəm. Çünki hər rəngin öz nadir gözəlliyi və yeri var. Bakını çəkərkən narıncı, sarı, mavi, günəşin şəfəqlərinin çalarlarını əks etdirən parlaq, gözoxşayan rənglərə üstünlük verirəm. Çalışıram ki, əsərlərimə uşaq sevincini, gülüşünü, ruhunu, cizgi üslubunu daxil edim. Uşaqları çox sevirəm. Onların təmiz daxili aləminə, həyata baxışlarına, məsum arzularına, zövqlərinə heyranam. Uşaqların bütün istəklərini əsərlərimdə canlandırmağa çalışıram. Uşaqlar da rəngarəngdir”, - deyə rəssam bildirib.
Qeyd edək ki, Lüksemburq “Xiffətdə olan qadınlar” assosiasiyasının builki sərgisində 22 qadın rəssam, heykəltəraş, fotoqraf və dizaynerin əsərləri nümayiş olunur. Satılan əsərlərdən əldə olunan mənfəətin 30 faizi çətinlikdə olan qadınlara yardım məqsədilə assosiasiyanın hesabına köçürüləcək.
Xeyriyyə sərgisi aprelin 30-dək davam edəcək.