Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın mədəniyyət naziri ilə Parisdəki Orsey muzeyini ziyarət edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfəri zamanı martın 12-də bu ölkənin mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.
Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verilib ki, Fransa paytaxtının ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina 1986-cı il muzeyə çevrilib. Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqlarından olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb.
Qeyd olunub ki, əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər – konsertlər, tamaşalar, dəyirmi masalar təşkil olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir. Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarın əsərlərinin kolleksiyası ziyarətçilərin diqqətini daha çox çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif çalarları əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inikası olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir.
Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.