Martın 13-də Azərbaycan Bəstəkarlar İttifaqında musiqişünas alim, sənətşünaslıq elmləri doktoru Səadət Abdullayevanın (1940-2017) xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbirdə həmçinin alimin ömür yoluna işıq tutan “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” və Səadət Abdullayevanın “Nizamidə musiqi. Musiqidə Nizami” kitablarının təqdimatı oldu.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə alimin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, elə insanlar var ki, onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvü olmuş Səadət xanım belə insanlardan idi.
Bildirildi ki, alim kitabları, tədqiqatları, dərslikləri, metodik vəsaitləri ilə elmimizə dəyərli töhfələr verib. Alətşünaslıq böyük elmdir, bizim qədim alətlərə maraq, onları bərpa etmək, öyrənmək, orkestr üçün işləmək çox lazımlı və musiqişünaslığa aid sahədir: “Səadət xanımın alətşünaslıq elminə müraciəti Azərbaycan xalqının milli dəyərlərə yenidən baxışı ilə üst-üstə düşdü. Bəllidir ki, bədnam qonşularımız təkcə musiqimizə, muğamımıza, xalq mahnılarımıza deyil, alətlərimizə də göz dikiblər. Bu baxımdan Səadət Abdullayevanın tədqiqatları təkcə musiqişünaslığa deyil, ümumilikdə mədəni irsimizə böyük töhfələrdir”.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova tədqiqatçı ilə bağlı xatirələrini danışdı: “Onunla tez-tez görüşərdik. Mən aspiranturaya daxil olanda, o, indiki Bakı Musiqi Akademiyasında işləyirdi. O zaman bizdə elmi şura yox idi. Səadət xanım Gürcüstanda müvəffəqiyyətlə müdafiə etdi. Elmi rəhbəri Xalq artisti Süleyman Ələsgərov olmuş, ona çox doğru yol göstərmişdi. O, bu yolda çox uğurlara imza atdı”.
Tədbirdə sonra Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyeva, Ü.Hacıbəyli adına BMA-nın dosenti Ariz Abduləliyev Səadət Abdullayevanın elmi yaradıcılığı, tədqiqatları, pedaqoji fəaliyyəti ilə bağlı məruzələrlə çıxış etdilər.
Bildirildi ki, alimin tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların Türk dünyasında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədar olub. Müasir Azərbaycan alətşünaslığının əsasını qoyanlardan biri olan musiqişünas əsərlərində ölkəmizdə geniş istifadə olunan və sonralar unudulan çalğı alətlərinin bərpa edilməsi problemini də qaldırıb.
Sonra geologiya və mineralogiya elmləri doktoru Rahid Rəhimov Səadət Abdullayevanın ömür və yaradıcılıq yoluna işıq tutan “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” kitabı və mərhum alimin “Nizamidə musiqi. Musiqidə Nizami” kitabı haqqında məlumat verdi. Bildirdi ki, ikinci kitab dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sində yer alan bəşəri ideyalardan, Nizami yaradıcılığının incəsənətin müxtəlif növlərinə aid əsərlərin ərsəyə gəlməsində rolundan bəhs edilir.
Tədbirin bədii hissəsində Qədim musiqi alətləri ansamblının (bədii rəhbər – Xalq artisti Munis Şərifov) müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynova “Dəli ceyran” xalq mahnısı, Xalq artisti Teyyub Aslan “Ay nazlanıb gələn yar” xalq mahnılarını ifa etdilər.
Savalan FƏRƏCOV