Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbir BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynovanın giriş sözü ilə başlayıb. O, Bakı Xoreoqrafiya Akademiyasının 90 illik tarixindən, bu illər ərzində yetişdirdiyi məşhur xoreoqraflardan danışıb. Diqqətə çatdırılıb ki, onların arasında Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Afaq Məlikova, Pulumb Aqalıyay, Təranə Muradova, Kamilla Hüseynova, Yuri Lobaçov kimi tanınmış sənətkarlar var.
B.Hüseynova Yel çərşənbəsi münasibətilə də akademiyanın kollektivini və konsertdə iştirak edən tamaşaçıları təbrik edib, hər kəsə cansağlığı, firavan həyat arzulayıb.
Sonra BXA-nın tam orta məktəbinin şagirdləri Əməkdar mədəniyyət işçisi Lüdmila Qutlyanskayanın quruluşunda A.Adanın “Jizel” baletindən Qalop, L.Delibin “Silviya” baletindən Pitsikatto, S.Raxmaninovun “Burevestnik” rəqsi, P.İ.Çaykovskinin “Qu gölü” baletindən variasiya parçalarını ifa ediblər. Proqramda həmçinin Əməkdar artist Səbinə Qasımovanın quruluşunda “İnnabı”, “Güləbatın” rəqsləri, müəllim-konsertmeysterlər Lalə Zöhrabbəyova, Səidə Axundova, Lalə Hüseynli, Sevda Axundova və Rəhimə Hüseynovanın şagirdlərinin ifasında L.Delibin “Koppeliya” baletindən Vals, R.Qlierin “Tunc atlı” baletindən “Polka”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən Gülyanağın rəfiqələri ilə rəqsi nümayiş olunub, Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” fortepianoda səslənib, Fazil Cəfərovun şagirdləri isə Azərbaycan ritmləri musiqili-rəqs kompozisiyasını nağarada ifa ediblər.