2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən də silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

AMM-dən verilən məlumata görə, “Nəsimi ili” münasibətilə dahi şair və mütəfəkkirin qəzəlləri özbək dilinə tərcümə olunub və kitab halında (“Жононни севарман”) Daşkənddə çap edilib.

Martın 28-də isə AMM-in, “Kaspi” qəzeti və təhsil şirkətinin birgə layihəsi ilə Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və özbək alimlərinin iştirakı ilə “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda elmi konfrans  keçiriləcək.