“Ağ Şəhər”də yerləşən “White Gallery”də gənc rəssam Çinarə Quliyevanın “Sevginin kölgəsi” adlı sərgisi açılıb.
Sərgidə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına xarakterik olan mövzuları əks etdirən rəsmlərə geniş yer verilib. “Nəsimi ili” çərçivəsində reallaşan sərginin açılmasında məqsəd böyük mütəfəkkirin irsini gənclər arasında təbliğ etməkdir.
Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər çıxış edənlər sərginin əhəmiyyətindən söz açıblar.
Qeyd edilib ki, müxtəlif texnika və üslublarda əsərlərin yer aldığı sərgiyə müəllifin “Sevginin kölgəsi” adını verməsinin səbəbi daxili dünyasının boyalarla vəhdət təşkil etməsi, daxili sənət dünyasını incəsənətin rəngli kölgəsinə çevirə bilməsi ilə bağlıdır.
Hələ uşaq yaşlarından təsviri incəsənətə maraq göstərən Ç.Quliyeva beş ilə yaxındır peşəkar rəssam kimi fəaliyyət göstərir. ABŞ-ın Şimali Miçiqan Universitetinin İncəsənət və Dizayn Məktəbində “Xüsusi istedadlar proqramı”nı müvəffəqiyyətlə bitirib. Berlin, Moskva, Kiyev və Lvov şəhərlərində ustad dərslərində iştirak edib. Müxtəlif müsabiqələrin mükafatçısı olub, Gənclər Fondunun dəstəyi ilə keçirilən “Gözəlliyin ruhu” və “Azərbaycan anime sərgisi” adlı rəsm yarışmalarında birincilik qazanıb. Ç.Quliyeva “ArtCoLab” rəssamlıq kursunun həmtəsisçisi və rəhbəridir.