Niderland Dövlət Muzeyi (Rijksmuseum) təqribən min sənət nümunəsi barəsində Şri-Lanka və İndoneziya ilə danışıqlara başlayır. Bu barədə qərar Niderland Dünya Mədəniyyətləri Milli Muzeyi bir vaxtlar müstəmləkə olmuş ölkələrin vaxtilə oğurlanmış, yaxud böyük mədəni və ya sosial əhəmiyyət daşıyan incəsənət əsərlərinə iddialar irəli sürməsi üçün təlimat dərc edəndən sonra qəbul edilib.

Muzeyin direktoru Tako Dibbets deyib: “Utandırıcı haldır ki, Niderland müstəmləkələrdən olan mədəni irsi geri qaytarmaq məsələsinə yalnız indi diqqət yetirib. Biz bunu xeyli əvvəl etməli idik. Buna əsla bəraət qazandırıla bilməz”.

Onun sözlərinə görə, Şri-Lanka ilə danışıqlarda hazırda diqqət təqribən 10 nümunə üzərində cəmləşib. Yaqutla bəzədilmiş top (1765-ci ilin hərbi kampaniyası zamanı qənimət götürülüb) və Cənubi Borneo (1856-cı ildə Niderlandın müstəmləkəsinə çevrilib) sultanının mülkiyyəti olan “Bancarmasin” adlı brilyant həmin nümunələr arasındadır.

T.Dibbets qeyd edib ki, muzeyin kolleksiyasında təqribən 4 min müstəmləkə obyekti var, lakin onların heç də hamısı oğurluq deyil. Sənət nümunələrinin çoxu qanuni yolla əldə edilib.

İLONA