Martın 13-də BMT-nin Vyana bölməsinin “Rotunda” salonunda Azərbaycan, Əfqanıstan, İraq, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkiyənin daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə 21 mart – Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

Mərasimdə BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə BMT-nin Vyana bölməsinin rəhbəri Yuri Fedotov açaraq tədbirin təşkilində iştirak edən ölkələrin BMT-dəki daimi nümayəndəliklərinə təşəkkür edib.

Bildirilib ki, təbiətin oyanmasını müjdələyən, yeni həyatın başlanğıcını bildirən Novruz daim insanlarda ümid, xoş gələcəyə inam və əmin-amanlıq arzusunu özündə ehtiva edir. Eyni zamanda bu bayram sülh, dostluq, qarşılıqlı paylaşma kimi dəyərlərin qorunması ilə bağlı öhdəliklərimizi bizə xatırladır.

Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Xalq artisti Simarə İmanova və xanəndə Əmrah Məcnunov “Qarabağ” mahnısı, “Qarabağ şikəstəsi” və Novruza həsr olunmuş mahnıları ifa ediblər. Onları Ramin Rzayev (tar), Rauf Məsimov (kamança) və Ruhulla Dadaşov (nağara) müşayiət edib. Həmçinin Əməkdar artist Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu milli rəqslərimizi məharətlə ifa edib.

Tədbirdə təşkilatçı ölkələrin milli mətbəxi, Novruz şirniyyatları və suvenirlər təqdim olunub.

* * *

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) də Novruz bayramı münasibətilə tədbir keçirilib.

Avstriya rəsmiləri, xarici diplomatlar, bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı mərasimdə AMM-in rəhbəri Leyla Qasımova çıxış edərək bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Diqqətə çatdırılıb ki, Azərbaycanın və bu bayramı qeyd edən digər ölkələrin birgə təşəbbüsü ilə Novruz 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

L.Qasımova Novruz bayramına xas elementlərdən danışıb. Deyib ki, sülh, əmin-amanlıq və sevgi bayramı olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohum və dostlar bir-birinə baş çəkir, insanlar əsl bayram əhval-ruhiyyəsində olurlar.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu (Xalq artisti Simarə İmanova və xanəndə Əmrah Məcnunov, instrumental ifaçılar Ramin Rzayev, Rauf Məsimov, Ruhulla Dadaşov) və Əməkdar artist Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu bayram konserti ilə çıxış edib.

Konsertdən sonra qonaqlara milli şirniyyatlarımızdan ibarət bayram hədiyyələri paylanılıb.