Martın 16-da Beynəlxalq Muğam Mərkəzində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Milli Konservatoriyası, Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universiteti ilə birgə təşkil edilmişdi.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açaraq bildirdi ki, musiqi alətləri xalqın mədəniyyət və mənəviyyat abidəsidir. Azərbaycanın xalq musiqi alətləri qədim və zəngin tarixə malikdir, hər bir alət özündə tarixin izini daşıyır. Qədim dövrdən günümüzə qədər gəlib çıxan musiqi alətlərimiz hər zaman etnoqrafların, musiqişünasların və folklorşünasların tədqiqat mövzusu olub. Səfiəddin Urməvi  və Əbdülqadir Marağai kimi Orta əsrlər musiqi nəzəriyyəçilərinin əsərlərində qədim alətşünaslıq mədəniyyəti, bu və ya digər alətin quruluşu, səs düzümü, diapazonu və sair xüsusiyyətləri haqqında məlumat verilir.

Sonra avstriyalı musiqişünas-orqanoloq, professor Tomas Şallabök, Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının rəhbəri, alətşünas-tədqiqatçı Məmmədəli Məmmədov, Xalq artisti, kamança ifaçısı, professor Fəxrəddin Dadaşov, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və başqaları qədim musiqi alətləri, onların təkmilləşdirilməsi və bərpası barədə müxtəlif mövzularda çıxış etdilər.

Məruzələrdə bildirildi ki, musiqi alətləri hər bir xalqın musiqi mədəniyyətinin əsas tərkib hissələrindəndir. Xalqların məişətinin, təsərrüfat və ictimai fəaliyyətinin, maddi və mənəvi mədəniyyətinin, tarixinin müxtəlif yönləri ilə bağlı olaraq musiqi alətləri sənətkarların, alimlərin diqqətini cəlb edib. Son illər isə orqanologiya və ya alətşünaslıq musiqi elminin müstəqil sahəsi kimi formalaşıb. Bu sahədə elmi nailiyyətlərin tətbiqinə və müxtəlif ölkələrdən olan, fərqli profilli alətşünasların bir araşdırma ətrafında səylərinin birləşdirilməsinə böyük ehtiyac duyulur.

Tədbirin bədii hissəsində Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyası nəzdində fəaliyyət göstərən “Əsrlərin sədası” ansamblının (musiqi rəhbəri – Xalq artisti Fəxrəddin Dadaşov) ifasında qədim Şərq və Qərb musiqisi nümunələri səsləndi.

Savalan FƏRƏCOV