Görkəmli muğam ustadı, Xalq artisti Hacıbaba Hüseynov (1919-1993) martın 15-də, anadan olmasının 100-cü ildönümündə Fəxri xiyabandakı məzarı başında anıldı. Mədəniyyət və incəsənət xadimləri xanəndənin məzarı üzərinə tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Kamança ifaçısı, Əməkdar artist, professor Mirnazim Əsədullayev çıxış edərək bildirdi ki, ustad xanəndə və pedaqoq Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanır. Yubileylə əlaqədar olaraq oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək.

Xanəndənin yaradıcılığından söz açan M.Əsədullayev qeyd etdi ki, onun sözü və ritmi həmişə rəvan idi: “Vəfatından uzun illər keçsə də, bu sənətdə onun yeri görünür”.

Xalq artistləri – tarzənlər Zamiq Əliyev, Vamiq Məmmədəliyev, xanəndə Zabit Nəbizadə, əməkdar artistlər Zakir Mirzəyev, Hüseyn Hüseynov, Azərbaycan Televiziyası Musiqi verilişləri redaksiyasının baş redaktoru Çingiz Abbasov, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşdülər. Vurğulandı ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycan muğamının ölkəmizdən xaricdə tanıdılmasına mühüm töhfələr verib.

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayır. Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyir, özü də qəzəllər qələmə alır. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin ifaçılıq texnikası, poeziya və muğamı bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilir. Sənətkarın xatirəsi ürəklərdə yaşayır. Vurğulandı ki, ustad xanəndə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Fəxri xiyabanda dəfn olunub.

Mərasimdə xanəndənin qızı Səadət Hüseynova atası ilə bağlı xatirələrini bölüşdü. Sonra sənətkarın bacısı oğlu, tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin qeyd olunması haqqında sərəncam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, ailəsi adından xanəndəni yad etməyə gələn hər kəsə dərin təşəkkürünü ifadə etdi. Diqqətə çatdırdı ki, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bundan əlavə, dövlət başçısının sərəncamları ilə Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlı və bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileyləri qeyd ediləcək. Bu yubileylər sırasında Hacıbaba Hüseynovun da yubileyinin keçirilməsi qəlbimizi qürur hissi ilə doldurur.

LALƏ