“Novruz bayramı Azərbaycan xalqının əsrlərdir eyni sevgi və coşqu ilə qeyd etdiyi yeganə bayramdır. Bu bayram xalqımızın ana təbiətə, əməyə, birliyə, bərabərliyə olan rəğbətinin göstəricisidir. Novruz həm də çoxmillətli ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, birliyini nümayiş etdirən, çağımızda da əhəmiyyətini itirməyən ideyalar məcmusudur”.
Bu fikirlər mədəniyyət naziri Əbülfəs Qarayevin Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə ünvanlanan təbrikində yer alıb.
Təbrikdə bildirilir ki, Novruz bayramının fəlsəfəsindəki mütərəqqi ideyalar, xüsusilə birləşdirmə gücü neçə-neçə ölkənin, yüz milyonlarla insanın ona könül verməsinə səbəb olmuşdur. Min illərdir Novruzun yaşadılması varlığın əsasını təşkil edən 4 ünsürün – od, su, yel (hava) və torpağın bayram günlərində həyata keçirilən ayinlərdə kompleks halında birləşməsidir. Novruzun ayrı-ayrı rituallarında yaşayan humanizm qayəsi də onu insanlığın yol yoldaşına çevirmişdir.
Daha sonra təbrikdə deyilir: “Novruzu bir sıra ölkələr və xalqlar qeyd etsə də, Azərbaycanda bu bayramın ənənələr boğçası daha zəngin, daha mütəşəkkildir. Məmnunluqla deyə bilərəm ki, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəri status qazanmasında, eləcə də digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Hazırda ölkəmizdə xalq yaradıcılığının, qədim adət-ənənələrin yaşadılması, tədqiqi və təbliği dövlətin diqqət mərkəzindədir. Bu ənənələrin gələcək nəsillərə ötürülməsi üçün hər cür şərait yaradılıb”.
Təbrikin sonunda nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətinə Novruz bayramı münasibətilə cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət və firavan həyat arzulayıb.