Mədəniyyət naziri media ilə əməkdaşlığa görə fəxri diploma layiq görülüb
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. Tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mərasimdə KİVDF-nin 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Fondun icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyətindən, müxtəlif dövlət qurumları ilə birgə həyata keçirilən işlərdən danışıb. Bildirib ki, KİVDF ildə üç dəfə - Novruz bayramı, milli mətbuatımızın yaranması günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müsabiqələr keçirir. Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 114-ü mükafatlara layiq görülüb.
İcraçı direktor Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib, eyni zamanda dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək KİVDF-nin milli mətbuatımızın həyatında, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil media siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynadığını bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu ildə KİVDF-nin təsis edilməsi Azərbaycanda dövlətin mediaya qayğısını və dəstəyini sistemli halda həyata keçirən vahid mexanizmin yaradılmasını ehtiva edir.
Əli Həsənov bildirib ki, on ildir Azərbaycan dövlətinin KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir. Ötən on ildə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı nə iş görülübsə, kollegial şəkildə, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. “Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Sonra fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurları gələcək nəsillərə çatdırmaq vəzifəsi mətbuatın üzərinə düşür.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri media ilə əməkdaşlığa görə fəxri diploma layiq görülüblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir.
Tədbir bədii hissə ilə davam edib.