Bakıda Bahar bayramı münasibətilə ümumxalq şənliyi keçirildi

20 mart Novruzun ilk günüdür. Azərbaycan xalqı əsrlərdir baharın gəlişini sevinclə, təmtəraqla, ən əziz bayramı kimi qeyd edir. Milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı və zəngin saxlancı olan bu bayramı əcdadlarımız zaman-zaman bir-birindən oynaq, lətafətli nəğmələr, yaradılışın ilkin atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə bəzəyiblər. Yüzilliklər dolabında bu mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənələrlə cilalanıb, yenidən düzülüb qoşulanı da olub.

Dünən axşam xalqımız Novruz çərşənbələrinin sonuncusunu – el arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılan Torpaq çərşənbəsini qeyd etdi. Əsrlərin o üzündən süzülüb günümüzə gələn qədim irsin sevincini el birliyi ilə yaşadıq, tonqallar çatıb, dərd-sərimizi odda yandırdıq, arzu-diləklərimizin çin olması üçün dua etdik. Boz ayın son iki günündə küləkli, yağışlı sifətilə qaralıb-bozarsa, havadakı soyuqluq qəlblərdəki bayram hərarətinə qəti təsir etmədi...

Xalqımız qədim dövrlərdən Novruzu bərəkət və firavanlığın rəmzi kimi bayram edib. Bir dönəm siyasi-ideoloji qadağalar bunun üzərinə kölgə salsa da, xalq öz içində bayramın irsinin itməsinə yol verməyib, onu yaşadıb. Azərbaycan müstəqillik əldə edəndən sonra Novruz dövlətimizin rəsmi bayramları sırasında haqq etdiyi yeri qazandı.

Artıq neçə illərdir ki, bu bayramın bir mərasim özəlliyi də onun dövlət başçısının iştirakı ilə, dövlət-cəmiyyət, rəhbər-vətəndaş münasibətlərinin xoş təcəssümü kimi qeyd olunmasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin sonlarında əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Martın 19-da Bakıda Novruz münasibətilə ümumxalq şənliyi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirdilər.

Dövlət başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəldilər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev sakinlərlə söhbət etdi. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış oldular.

Daha sonra dövlət başçısı və xanımı “Bahar qalası” festivalının keçirildiyi İçərişəhərə gəldilər. Bahar qız dövlətimizin başçısına bayram xonçası təqdim etdi.

Ulu Dədə Qorqudun Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini diləyən xeyir-duası səsləndi. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış oldular.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür etdilər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular, daha sonra karvansarada İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxdılar, İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər. “Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatirə şəkli çəkdirdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırdı.

* * *

Azərbaycan xalqının tarixin qədim qatlarında yaratdığı, dilimizi, zəngin folklorumuzu özündə yaşadan Novruz bayramı həm də azərbaycançılıq ideyasını, xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirir. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında anlaşma, ünsiyyət və dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir.

Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir, tarixi irs və ənənələrin ümumxalq atmosferində, milli bərabərlik içində yaşadığını göstərir. Novruz bayramını hər il xalqla bir arada qeyd edən Prezident İlham Əliyev öz çıxışlarında tarixi irs və çağdaşlığın, milli ruh və bəşəri dəyərlərin üzvi sintezinin zəruriliyini daima vurğulayır.

Novruz yeni günün, yeni arzuların bayramıdır. Ta qədimdən təşəkkül tapan ənənələrə görə, bu bayram günü küsülülər barışar, hətta qan intiqamını da yaddan çıxarardılar. Bu dəyərlər geniş mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda ölkələr arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq, təbliğ etmək çox vacibdir.

Təsadüfi deyil ki, Azərbaycan Novruzun bəşəri dəyər kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin ilk təşəbbüskarlarından olub. 2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Novruz bayramı çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi qurumun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2016-cı ilin noyabrında UNESCO Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında isə Novruz bayramı ikinci dəfə - daha geniş coğrafiyanı əhatə edən təqdimatla təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Bu dəfə həmin nominasiya faylında 12 ölkənin imzası vardı: Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan.

Beləliklə, Novruz dünyanın böyük bir coğrafiyasının ortaq irsi, bayramıdır.

Azərbaycan da daxil olmaqla, Şərq xalqlarının bir çoxunun qeyd etdiyi Novruz bayramının əsas mahiyyəti gecə ilə gündüzün bərabərləşməsi, yeni astronomik ilin başlanmasıdır.

Bahar bayramımız, yeni ilimiz mübarək!