Azərbaycan İstiqlal Muzeyində martın 15-də Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı tədbir-sərgi keçirildi.
Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə keçirilir. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz təbiətin canlanması və torpağın oyanması bayramıdır.
Çıxışdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Mahnı və rəqs ansamblının hazırladığı musiqili bədii hissə nümayiş olundu.
Sonra tədbir iştirakçıları “Lalələr” adlı sərgiyə baxmağa dəvət olundular.
Sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun “Afrikalı qadın”, “Kameliyalı xanım”, “Simurq quşu”, “Amazonkalar”, “Möhtəşəm tovuzquşu”, “Çin motivləri”, “Cazibədar xanım”, “Sevgi melodiyaları”, ”Mimoza” və s. əsərləri – ümumilikdə 80-ə qədər əl işi nümayiş olunurdu.
Sonda rəssamlar, mahnı və rəqs ansamblının kollektivi təşəkkürnamə ilə təltif edildilər.
Tədbirdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının əsgərləri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak edirdi.
Savalan FƏRƏCOV