Martın 30-dan etibarən Bakıda Frankofoniya həftələrinə start veriləcək. Bu münasibətlə “Landmark”da bir sıra ölkələrin səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Məlumat verilib ki, aprelin 15-dək davam edəcək Frankofoniya həftələri on bir Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Mədəni tədbirlərin proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təqdim edəcək. Frankofoniya həftələri çərçivəsində rəsm sərgiləri və konsertlər təşkil olunacaq. Həmçinin bir neçə ekran əsərinin nümayişi də nəzərdə tutulur.
Frankofoniya həftələri çərçivəsində martın 30-da İsveçrə musiqisinin tanınmış simaları Mark Aymon və Efraim Salzman Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Aprelin 1-də isə isveçrəli musiqiçilər Sumqayıt Dövlət Dram Teatrında konsert verəcək.
Səfirlikdən bildirilib ki, “Ah, gözəl yay! Əbədi nəğmələr” adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların rəğbətini qazanıb.