Dünya şöhrətli musiqiçi, violonçel ifaçısı Mstislav Rostropoviçin (1927-2007) anadan olmasının 92-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində tədbir keçirilib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri və digər qonaqlar iştirak edib.
Əvvəlcə musiqiçinin həyat və yaradıcılığı ilə bağlı slayd-şou nümayiş olunub. Şəkillərdə Rostropoviçin Bakıda verdiyi ustad dərsləri, onun Bakı muzeylərinə ziyarətindən məqamlar, qaçqın və məcburi köçkünlərlə görüşləri öz əksini tapıb.
Muzeyin direktoru Şeyla Heydərova çıxış edərək maestronun həyat və sənət yolundan söz açıb. Qeyd edib ki, ev-muzey 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış sərəncam əsasında yaradılıb. Muzeyin fondunda 6 minə yaxın eksponat var.