ABŞ-ın Şimali Kaliforniya ştatında yerləşən Stanford Universitetində ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən konsertdə Azərbaycan musiqisi təqdim olunub.

Baş konsulluqdan bildirilib ki, ABŞ-da yaşayan və bu nüfuzlu universitetdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı kamança ifaçısı İmamyar Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı Rüfət Həsənovun təqdimatında keçirilən konsertdə universitetin tələbələri müxtəlif musiqi alətlərində milli musiqi nümunələrimizi ifa ediblər.

Konsertdən öncə Stanford Universitetinin Musiqi fakültəsinin professoru Denis Gil çıxış edərək, Azərbaycan muğamı və ölkəmizin zəngin musiqi irsini yüksək qiymətləndirdiyini, məşhur kamança ifaçısı İ.Həsənovun yaradıcılığı ilə hələ Stanforda gəlməmişdən öncə yaxından tanış olduğunu bildirib. O, İ.Həsənovla birgə Stanfordda Azərbaycan və Mərkəzi Asiya musiqisini tədris etməkdən məmnun olduğunu bildirərək, kursun tələbələrinin belə bir konsertinin keçirilməsini əlamətdar hadisə adlandırıb.

İ.Həsənov çıxışında Azərbaycanın zəngin musiqisi, mədəniyyəti, Azərbaycan muğamı haqqında ətraflı məlumat verib. O, Azərbaycan muğamının 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğunu, 2008-ci ildə isə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.

Çıxışlardan sonra İ.Həsənov və tarzən R.Həsənov tələbələrin müşayiəti ilə Azərbaycan muğamı, xalq və bəstəkar mahnılarından nümunələr ifa ediblər.

Qeyd edək ki, 2013-cü ildən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Stanford Universitetində İmamyar Həsənov tərəfindən “Azərbaycan musiqisi” kursu tədris olunur.