Yola saldığımız Novruz bayramı günlərində paytaxtın əksər teatr-konsert müəssisələri tamaşaçılarına maraqlı istirahət bəxş etdi.
Tətil günlərinin maraqlı bədii proqram təşkilatçıları arasında Bakı Dövlət Sirki də var idi. Öz ənənəsinə sadiq qalan sirk yenə uşaqdan böyüyə hər kəsi valehedici proqramla heyrətləndirə bildi. Moskva Dövlət Sirkinin truppası rəngarəng proqramla tamaşaçılara maraqlı anlar yaşatdı.
Martın 15-dən 27-dək davam edən “Talisman” adlı proqramda akrobatlar, jonqlyorlar, heyvan təlimçiləri, tarazlıq ustaları, klounlar əyləncəli nömrələr təqdim etdilər. Proqramın bir özəlliyi də əyləncə, gülüş, tamaşaçı ilə aktiv ünsiyyət-hərəkətlə yadda qalması idi. Nömrələr arasında keçidlərdə qocaman klounlar Kiril Toldonov və İqor Solovyevin hər çıxışı bir mini-tamaşa idi və izləyicilərə xoş əhval bəxş edirdi.
Proqramda “kəpənək uçuşu” adlı akrobatik nömrə də maraqlı alındı. Ultrabənövşəyi işıq effektində tamaşaçıya həyəcanlı anlar yaşadan 5 nəfərlik qrupun şousu yüksək peşəkarlığı və plastik həllinin unikallığı ilə seçilirdi. Beləliklə, tamaşaçı bir neçə dəqiqədə hava gimnastlarının şousunda əsl kəpənək uçuşu zərifliyində bir nömrə izlədilər.
Tarazlıq ustası gənc artistin nümayişi (German Kuzneçenkov) də baxımlı idi. Toplar, gürzlər, fərqli ölçülü halqalarla intensiv hərəkətlər dinamikliyi ilə yadda qaldı.
Sirk artistinin meymunlarla şousu (Andrey Teplqin), hava balonu ilə gəzinti, heyvanların musiqi alətlərində ifaları izləyicilərə unudulmaz anlar yaşatdı. Bu mənada “İtlər” şousu da yaddaqalan (Liliya Maksimenko) oldu.
Akrobat qadınların iştirak etdiyi iki nömrə, xüsusən “Ekvilibr” (Olqa Komarova) göz oxşayırdı. Bundan əlavə, qaranlıqda nümayiş olunan hava şousu, “Parçalarla oyun” (Kseniya Lepetkina) həyəcanverici idi.
Heyvan təlimçisi Sergey Nesterovun ağ pələnglər şousu proqramın əsas nömrəsi idi. Az sayda olan ağ pələnglərin bir neçə dəqiqə ərzində müxtəlif plastik hərəkətlərlə qəliz nömrələri tamaşaçıları heyrətləndirdi. Təlimçinin nömrəyə final kimi müəyyənləşdirdiyi şir ilə güləşi isə seyrçilərin ayaq üstə alqışları ilə mükafatlandırıldı.
Ümumilikdə 13 nömrə ilə tamaşaçı qarşısına çıxan moskvalı sirk ustaları peşəkar və rəngarəng proqramla bakılı tamaşaçıların rəğbətini qazana bildilər.
HƏMİDƏ