Gənc ifaçıların müsabiqəsi keçiriləcək
Aprelin 2-dən 8-dək Bakıda MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilati dəstəyi ilə Gənc ifaçıların “World Harmony” Beynəlxalq klassik və folklor musiqisi müsabiqəsi keçiriləcək.
Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Ukraynadan ifaçı və musiqi kollektivlərinin iştirakı gözlənilir.
İştirakçıların çıxışlarını beynəlxalq münsiflər heyəti dəyərləndirəcək. Müsabiqə ərəfəsində fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri də təşkil olunacaq.
Aprelin 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin Ümumrusiya və beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert, aprelin 7-də müsabiqə qaliblərinin qala-konserti və mükafatlandırma mərasimi keçiriləcək.