Bəli, Molla Vəli “ulu babalar” dediyimiz ümumluqda adıbəlli, şan-şöhrətli sələflərdən...
Bu pir kişi tək elə 100 yaşıyla (1709-1809) yox, neçə-neçə şeir və deyişmələrilə də ağsaqqaldır. Tarixən dədə-babaların əksəriyyəti əsasən öz bioloji xələfləri üçün “həlim”, “ipək”, “pilə” olduqları halda, başdan-başa milli-mentallıq (və bir az da sentimentallıq) rəmzi olmuş bu lələ, xalq üçün, öz misralarından biri kimi – “...nərmə-nazik bayatıdır, bayatı” olub. Özünəqədərkilər “mən elə bir sənət süfrəsi aşmışam ki, qırın-qırtılarından çox şair yaranacaq”, yaxud, şeir-sənət mənimlə “qurtardı” (bəs Füzuli-Nəsimilər?!.) kimi iddialarda, “əcəb seyrangah”lar eşqində də olduqları halda, bu sinədəftər (və guya “müdam ağlar”) nəğməkar hər fürsət-çəmdə xəlqi (axır-uxurca bəşəri) dərd-sərlərə baş vurub. Məsələn, –
Xuda, sən saxla gəl, fərdi,
Çətindir yalqızın dərdi.
Pərişanlıq tapar mərdi –
Havadar olmayan yerdə...
Bu sadə, bəzi xəlqi və hətta elmi-tədqiqati qənaətlərə görə, bir qədər sadəlövh Zatın həyat-yaşam tarixçəsi yaradıcılığına nisbətdə xeyli –
“Əfsanə”vi...
Bu şairin 1709-cu ildə Şəmkirdə anadan olduğu, uşaqlıq və ilk gənclik illərinin də orada keçdiyi bildirilir. Atası Məhəmməd ağanın Səfəvilər dövrü yetkililərindən Hәmzә sultanın nəslinə mənsub ziyalı adamlardan olduğu qeyd edilir. Əlavə edilir ki, belə bir ailədə böyüyən Vidadi elə uşaqlıqdan mükəmməl təlim-tərbiyə alıb və atasının ölümündən sonra Şəmkiri tərk edərək Qazaxa köçüb. Doğulduğu yerdə aldığı ilk təhsilini davam etdirmək üçün Poyluya gedib, ərəb, fars dillərini mükəmməl öyrənib. Oradan Şıxlı kəndinə gələrək, burada Əhmədağa adlı çağdaş dünyagörüşlü bir şəxsin yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmasına binaən “Molla Vəli” adı ilə tanınıb, Qıraq Salahlı tanınmışlarından Molla Cəbrayılın qızı ilə evlənərək, Şıxlı kəndində məskunlaşıb. Müəyyən dövr Qarabağ xanlığında, bir müddət gürcü İraklinin sarayında (Tiflis) xidmət edib (bu məqam M.P.Vaqifin: “Ey Vidadi, yenә xan qulluğunda Qaim olub, nә qiyamәt eylәrsәn?” misralarını xatırlayaq). Bu arada, araşdırıcılara belə tam bəlli olmayan səbəbə görə, həbs edilib və azad edildikdən sonra, öz “ümuməşar bəyannaməsi”ndən də bəlli olduğu kimi, ömrünün sonuna qədər Şıxlıda yaşayıb. 1809-cu ildə vəfat edib, “Gəmiqaya” deyilən məkanda torpağa tapşırılıb.
Dövrü kimi ağlar şair...
Bəli, “nə ağlarsan”, “nə sızlarsan” kimi xitablarına, çağdaşı M.P.Vaqiflə deyişmələrinə, tarixi həmkarlarının öz “canan”ları ünvanına çox zaman (belə demək mümkünsə) kefdən ufuldamaları ilə müqayisədə canı-dildən sızlamalarına görə bu doğal şairə belə bir baş epitet-sifət də verilib: “ağlar”...
Hə, bu ağlarlıq, bu kədər üç yüz ildir yaşamaqda. Tutalım öz dövrandaş-tərəfdaşı (deyişmələrinin birində özünü “Vaqif kimi yüz oğlanə dəyər” deyə “öydüyü”) Vaqif dörd bir yanına şən-şaqraq qoşmalar saçırdı, bu qoca şairsə, daha çox, dərd-ələm. Özü də, tək elə “Mən görmüşəm bu qürbətin dadını, Yanıb-yanıb çox çəkmişəm odunu” kimi yurd həsrəti yox, “İstəmənəm bu dünyanın malını, Qovğasını, fitnəsini, alını” sayaq zəmanə müsibətlərindən, yerli “qiyafə”li bəşər dərd-səri saçan qəm-qüssələr.
Feodal hərc-mərcliklərinin, üsul-idarəçilərin “bəy”-“xan” adları ilə bir yerə sığışmayan işdəklərinin doğurduğu ellik kədər, ümidsizlik belə bir incə qəlb sahibinə, əlbəttə, daha çox təsir etməli, daha artıq mənəvi tənhalığa salmalı, “zalım dövran”ın doğurduğu və “acı bağırsaqanə” uzanan şir-şikayət bu “yüzdə-mindəbir qələm əhli”nin yaradıcılığının əsas motivinə çevirməli idi. Ellik ağrı-acılardan yaza-yaza xəyalən üz tutduğu kəslərə “Ey həmdəmim, səni qana qərq eylər” kimi misralara səmtlənməli, Vaqifin məşhur “Görmədim” müxəmməsindən heç də geri qalmayan “Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm, Tamaşa eylədim yaxşı-yamanı – xeyrü şər gördüm, Əkabirlərdə himmət, aşinalarda sədaqət yox, Vəfa kuyin dolandım, mütləqa yox bir bəşər görmədim” qəbilli misralar saçmalı, “Xəstə düşdüm, gələn yoxdur üstümə”, “Dəli könül, gəl əylənmə qürbətdə” kimi insan sədaqəti, vətən həsrəti sızlartıları etməli, “...Dövran mənə zülm etdi, Gəlmişəm sənə dilə” məzmunlu bayatılar boylamalı idi. Elə öz çağlarına məxsus xatirə və əlyazmalar da onun bu “xüsusat”larını təsdiq etmədə: “Molla Vәlinin yaxşı elm və savadı, rəvan təbi vardı və özü də zöhdü tәqva әhli olub, vaxtının çoxunu ibadətdə keçirərdi. Daim Haqq söyləyən, düzlük-dürüstlüyü dost tutan bir vücuddu ki, hər kəsin eybini açıq söyləməkdən bak vә ictinab etmәzdi”.
Ancaq... onun, xeyli faizi həqiqət (əlbəttə, acı) olan bu minor yaşantılarına baxmayaraq, bu yüz yaşın yaxşı dəmləri də az olmayıb. Yəni bu “ağlar” şair çağlar günlər-aylar da –
Yaşayıb!...
Yəni, hər şey heç də onun, bəzi emosional (öz oxucularının əhvallarını daha çox incələyib-naziltmək istəyən) yazı-pozuçu, bəzən hətta tənqidçi və araşdırıcı xələflərinin yazdıqları kimi deyil. Məsələn, hər səhərlərdən axşamlara, gecələrdən gündüzlərə dərd-ələm yaşayan bir qəlb: “Külli-Qarabağın abi-həyatı Nərmənazik bayatıdır, bayatı!” kimi unikal bir qələm peyzajı yarada bilərdimi? Növbəti “bilərdi-bacarardımı” xitab-“dosye”m bir qədər füzun:
Ey həmdəmim, gəl ki, gedər can, durmaz,
Sənsiz tutmaz söyləməyə dillər hey.
Kəsilibdir, yoxdur səbrü-qərarım,
Bir saətim olub uzun illər hey.
Nə şirindir – məhəbbəttək zad olmaz,
Ölənətən könül ondan yad olmaz,
Nə müddətdir məlul könlüm şad olmaz,
Bir ötməzmi dost kuyindən yellər hey?!.
Hələ bu “xəstə”, “ağlar” və sözün məcazi-müstəqim mənasında qoca aşiqin atmaca-sapmacaları! Onlar arasındakı bir qəzəlindən ikicə beyt:
Həbibim, ta səni mən sevmişəm əşraf arasında,
Tərəhhüm qıl, özün bir halə yet insaf arasında.
Yoxmu, Vidadi xəstə, əsla nəsli-insanda,
Bəlkə bihudə bir sözdür, deyirlər laf arasında?..
Şairin bu kimi qəlb majorluqları irsinə ailə-məişət, ayıq-oyaq şəxsiyyət keyfiyyətlərindən də nümunələr verək. Məsələn, oğlanlarından Məhəmməd ağanın (babasının adını daşıyıb) Gülüstanda xanlıq etməsi, elm-kәmalıyla məşhur Osman әfәndinin Tiflisdә ikinci müfti olması faktları bu şair-atanın heç də büsbütün pessimist olmadığından xəbər verir.
Və nəhayət, hörmətli oxucularımızın (və öz oxucularının) yaddaşında gözəl şairliyilə bahəm, həm də xoşrəftar-safdilli ağsaqqal, əsl ululuq saçıcısı kimi yaşayan bu babamızın M.P.Vaqiflə deyişmələri, “Durnalar” brendi, balqələm oçerkist, azman ədəbiyyatşünasların (məsələn, F.Köçərli: “M.V.Vidadi və Vaqif... Əşarü kəlamları mövzun, təbləri rəvan, dilləri açıq və sadə...”) fikirləri üstündən “həcm” sükutu ilə ötüb, keçirəm on il bundan əqdəm (300 illik yubileyilə bağlı) Qazax rayon Mədəniyyət evində (bu şairin nəinki poetik-estetik qəhrəmanlarından olan durnanı, sözün özünü də “gözündən vuranlar” yurdunda) düzənlənən tədbirdən –
Təəssüratlarıma
O məclis elə özəl-gözəl alınmışdı ki, deyərdin bəs, düzənini Vəli-Pənah Mollaların özləri veribmiş. Bu mənzərə “aləm bir-birinə qarışmışdı” mənfisini aləm bir-birinə qovuşmuşdu müsbətinə çevirmişdi. O üç saat ərzində o səhnədə düz üç əsrin dövrləri, dövranları, düşüncələri, qoşmaları, qəzəlləri, gözəlləri, şikayətləri, alxışları… və ağzınadək dolu salonun alovlu alqışları görüşdülər. “Alqış, alxış” demişkən, o anlar Qazax camaatına xüsusi bir alqış dedim. “Niyə”sini öz ləhcələriynən deyem: “Aya, Allahsız, buxartana dahimi yetirmək, məşhurmu bitirmək olar?! Öyün yıxılmasın, küçədə-meydanda heykəl əlindən dəbərməy olmoor, yubiley gejələrinnən gejəmiz-gündüzümüz yoxdu!”
Zarafatda - yerlibazlıq, ciddidə - millibazlıq kimi qiymətləndiriləsi bu sözlərdən sonra, məncə, salondakıların ürəyində və Vidadinin ruhunda səslənən “Gələcəksiz bir də haçan, durnalar” misrasındakı son kəlməni “qonaqlar” ifadəsilə dəyişməyim pis çıxmazdı. Gümanımca, bu arzu-istək elə səhnədəkilərin də ürəyincə idi.
Vidadi adına, poeziyasına, koloritinə köklənmiş qazaxlılar Mədəniyyət evi qarşısına sübh tezdən yığışmağa başlamışdılar. Çayçılar, bağbanlar daha çox sevinirdilər. Axı o gün həm ziyarət (mədəniyyət), həm də ticarət günüydü! Qarşıdakı “Abidələr bağı”nda da qələbəlik idi.
O bağda bu yurdun adını “göylərə baş çəkən Göyəzən dağı” kimi ucaldanların büstləri, heykəlləri sıralanıb. Bağın o ucunda – bu “abidələr məclisi”nin yuxarı başında isə M.V.Vidadi ilə M.P.Vaqifin qoşa heykəlləri. Əsrdaş, sənətdaş, məsləkdaş və nəhayət, heykəldaş qoşalar!
Bağın sağında-solunda əyləşmiş yerlilər qonaqların gəlişinə hörmət əlaməti olaraq ayağa qalxıb, ziyarətçiləri baxış-duruşlarıyla salamlayır, pir ağsaqqallarsa şahanə ixtiyarlıqlarıyla yerlərindən dəbərməyib, öz halal-haqq məqamları ilə, hər tür rəsmilərin salam-sayğılarını qəbul edirlər. Ədəbiyyat tariximizdə fikir-düşüncələrin “xoruz döyüşdürücüləri” kimi də təfsir olunan bu şairlərin – Vidadi ilə Vaqifin ansambl-abidəsi önündəki söhbətlər, gaplar, elmi mübahisə və bu qocafənd-növcavan “duel”ində hansının daha sərrast atıcı olması ilə bağlı xəlqi höcətləşmələr, kolorital atmacalar, onların kitablara düşməmiş deyişmələrindən, həyati “öcəşmə”lərindən gülləmələr isə özgə bir mənzərələr yaradırdı.
Qazax rayon Mədəniyyət evi ağzınadək dolu, səhnə alnındasa bütün Azərbaycan xalqına oxşayan qədimi, qoca bir kişi portreti; əlbəttə, M.V.Vidadi. Bu an “Nələr çəkdiymiz sənə əyandır” sədası.
“Səhnə” deyiləndə “dramatizm” termini yada düşər, lakin o gün o səhnə başdan-başa lirizmlə süslənmişdi. Amma buna “dramatik lirika” da demək olardı. Xanəndə və aşıqların zəngulə-avazları, bu yerdə hər yerdəkindən daha ecazkar, daha ruhsal səslənən saz çalğıları Vidadi qəzəl-qoşmalarının şirin qafiyələri kimi cəh-cəhlənirdi...
Tahir ABBASLI