Novruz bayramı Bolqarıstanda türklərin sıx məskunlaşdığı Kırcali şəhərində də qeyd olunub. Şəhər Mədəniyyət mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, ölkəmizin Bolqarıstandakı səfirliyi, Kırcali bələdiyyəsi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə azərbaycanlı rəssam Cəmilə Həşimovanın “Türk dünyasının cənnət bağları” adlı əsərləri sərgilənib, bolqar musiqiçi Minko Lambovun rəhbərlik etdiyi qrupun ifasında konsert proqramı təqdim olunub.
Tədbirdə çıxış edən Kırcali şəhərinin meri Həsən Əziz Novruz bayramının ilk dəfə Kırcalidə qeyd olunmasından məmnunluğunu bildirib, bunun bir ənənəyə çevriləcəyinə ümidini ifadə edib. Bayramın təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Kırcali bələdiyyəsi tərəfindən təşəkkür plaketləri ilə təltif olunublar.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bir çox xalqların mənəvi dəyərlərini özündə əks etdirən Novruzun insanlar arasında birliyi və mehribanlığı möhkəmləndirdiyini, mərhəmət və humanizm prinsiplərini təbliğ etdiyini, yenilənmə rəmzi olduğunu deyib, Azərbaycan və digər ölkələrin təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Günay Əfəndiyeva tədbir iştirakçılarına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə də məlumat verib.
Səfir Nərgiz Qurbanova xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə əziz tutduğu Novruz bayramının adət-ənənələrindən bəhs edib, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 martın “Beynəlxalq Novruz Günü” elan edildiyini, bu bayramın Mərkəzi Asiyadan Balkanlaradək geniş bir coğrafiyada qeyd edildiyini vurğulayıb.
Tədbirdə Bolqarıstan Xalq Məclisinin sədri Tsveta Karayançeva, millət vəkilləri, Kırcali regionunun qubernatoru Nikola Çanev, bələdiyyə başçıları iştirak ediblər.
Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan mətbəxinin təamları, Novruz xonçası və milli şirniyyatlar təqdim edilib. Konsert proqramında xalq mahnıları, Vaqif Mustafazadə, Rain Sultanov, Əzizə Mustafazadə və başqalarının caz musiqiləri səslənib.
* * *
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bolqarıstana səfəri çərçivəsində Azərbaycan, Qazaxıstan və Türkiyənin bu ölkədəki səfirləri Nərgiz Qurbanova, Temirtay İzbastin, Hasan Ulusoy ilə də görüşlər keçirib. Fondun türk dünyası mədəni irsinin mühafizəsi və dünyaya tanıdılması yönündə fəaliyyətindən söz açan Günay Əfəndiyeva həyata keçirilən layihələrə verilən dəstəyə görə qurumun üzv dövlətlərinə minnətdarlığını ifadə edib.