Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərindəki  Koroğlu parkında xalq qəhrəmanının nəhəng abidəsi ucaldılıb. Martın 19-da Bolu bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə Novruz şənliyi və abidənin təntənəli açılış mərasimi keçirildi.

Tədbirdə Türkiyədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, rəsmilər, türkdilli ölkələrdən gələn qonaqlar, Boluda təhsil alan xarici tələbələr, yerli ictimaiyyətin nümayəndələri və mətbuat təmsilçiləri iştirak edirdilər.

Tədbirdə türk xalqlarının birlik rəmzi olan dəmir döymə mərasimi keçirildi, Novruz tonqalı yandırıldı. Sonra “Koroğlu” dastanından parçalar oxundu.

Rəsmi hissədə Bolu bələdiyyə başqanı Ələddin Yılmaz, Bolu valisi Əhməd Ümid, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstan Rəssamlıq Akademiyasının prezidenti Amandos Akanayev və Koroğlu abidəsinin müəllifi, Qazaxıstanın tanınmış heykəltəraşı Murad Mansurovun çıxışları dinlənildi.

Açılış nitqi ilə çıxış edən Düsen Kaseinov bildirdi ki, türksoylu xalqların ortaq milli dəyəri olan Koroğlunun Boluda möhtəşəm abidəsinin ucaldılması ümumiləşdirilmiş şəkildə xalq qəhrəmanlarımıza ehtiramın göstəricisidir: “Koroğlu türksoylu xalqlarda nəsillərin formalaşmasına böyük təsir göstərən əbədi qəhrəmandır. Xalqlarımız bundan sonra da Koroğlunun qəhrəmanlıq obrazından iftixar duyacaqlar. Buraya gələn qonaqlar bu abidəni seyr etməkdən zövq alacaqlar”.

Bələdiyyə başqanı Ələddin Yılmaz bildirdi ki, Koroğlu deyəndə Bolu, Bolu deyəndə Koroğlu yada düşür: “Arzu edirik ki, Koroğlunu xalq qəhrəmanı kimi sevən bütün insanlar, o cümlədən azərbaycanlılar şəhərimizə gəlib burada ucaldılan möhtəşəm abidəni görsünlər. Bu abidənin ucaldılması tarixi hadisədir. Əminəm ki, Türk dünyasının ayrı-ayrı məkanlarından, eləcə də Azərbaycandan gətirilən əsərlər Boludakı Koroğlu muzeyini daha da zənginləşdirəcək”.

Abidənin müəllifi Murad Mansurov TÜRKSOY-un təşəbbüsü ilə həyata keçirilən layihənin tarixi əhəmiyyətini vurğulayaraq qurumun rəhbərliyinə və münsiflər heyətinə minnətdarlığını bildirdi: “Koroğlu türksoylu xalqları birləşdirən, haqqında iftixarla danışdığımız ortaq bir el qəhrəmanıdır. Bu möhtəşəm abidənin müəllifi olmaq mənim üçün sevindirici və qürurvericidir”.

Sonra mərasim geniş bədii hissə ilə davam etdirildi.

Qeyd edək ki, Koroğlu abidəsinin ucaldılması TÜRKSOY-un təşəbbüsü ilə 2016-cı ildə elan edilən müsabiqə əsasında həyata keçirilib. Müsabiqədə 11 layihə iştirak edib. Münsiflər tərəfindən qazaxıstanlı heykəltəraş Murad Mansurovun layihəsi qalib seçilib. Abidənin yerləşdiyi Koroğlu parkının ərazisi 100 min kvadratmetrə (10 hektar) yaxındır. Abidə Qazaxıstanda düzəldilib və hissələrlə Boluya gətirilərək quraşdırılıb. Abidə kompleksinin altında Koroğlu muzeyi və sərgi salonu yaradılacaq. Muzeydə türkdilli ölkələrdə Koroğlu ilə bağlı yaradılan ən dəyərli əsərlər sərgilənəcək.

Mehparə SULTANOVA
Ankara