UNESCO-da Novruz bayramı münasibətilə təntənəli mərasim və muğam konserti
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, eləcə də Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın qurumun yanındakı daimi nümayəndəliklərinin iştirakı ilə Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Parisdə, təşkilatın baş qərargahında təntənəli tədbir keçirilib.
Bununla bağlı mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Paris şəhərinə səfər edib. Tədbir çərçivəsində Azərbaycanın dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun iştirakı ilə konsert proqramı təqdim edilib.
Tədbirdə əvvəlcə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov çıxış edərək, xalqımız üçün əziz olan Novruz bayramının birlik, mehribanlıq və mərhəmət kimi dəyərləri özündə ehtiva etməsi haqqında danışıb.
Səfir UNESCO-nun yaxınlaşma, dialoq və qarşılıqlı anlaşma kimi missiyasına uyğun olan və bəşəri dəyərləri özündə yaşadan Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına təqdim edildiyini və həmin ilin sentyabrında təşkilatın Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında bununla bağlı müvafiq qərarın qəbul olunduğunu bildirib.
Səfir Novruz bayramında muğam konsertinin təşkil edilməsinin də təsadüf olmadığını vurğulayaraq Azərbaycan muğam sənətinin UNESCO tərəfindən bəşəriyyətin irs xəzinəsinə daxil edildiyini diqqətə çatdırıb. Sonda diplomat konsertin təşkilində əməyi olan UNESCO-nun katibliyinə, Azərbaycanın Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasına, FMİCA və Orta Şərq və Avropa üzrə İxtisaslaşmış Müasir İncəsənət İnstitutuna (SAFPEM) təşəkkürünü bildirib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva mərasimdə çıxış edərək, Novruz bayramının baharın gəlməsinin müjdəçisi olmaqla yanaşı, dostluq və əmin-amanlığı təbliğ etdiyini vurğulayıb. Novruz bayramının tarixi, ölkəmizdə keçirilməsi ənənələri barədə söz açan nazir müavini bu bayram münasibətilə səslənəcək muğam musiqisinin fəlsəfəsindən, insanlara bəxş etdiyi hislərdən və onun dərin köklərə malik olmasından danışıb.
Sevda Məmmədəliyeva konsertdə Azərbaycanın görkəmli xanəndəsi, UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımovun dahi Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qəzəlləri ilə muğam parçaları ifa edəcəyini bildirib.
Nazir müavini UNЕSCО-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilən böyük şair və mütəfəkkirlər Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin yubileylərinin də UNESCO-nun baş qərargahında qeyd olunması haqqında da məlumat verib.
Tədbirdə UNESCO-nun Xarici əlaqələr bölməsinin direktoru Genc Seiti, İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və muğamdan söz açıblar. Novruz bayramının 2010-cu ildən BMT Baş Məclisinin qərarı ilə “Beynəlxalq Novruz Günü” kimi qeyd edildiyi də diqqətə çatdırılıb.
Sonra Azərbaycanın Xalq artisti Alim Qasımov qonaqlara təqdim olunub və xanəndənin yaradıcılıq fəaliyyəti barədə məlumat verilib. Alim Qasımov tədbirin iştirakçılarını salamlayaraq Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra Alim Qasımovun iştirakı ilə “Yeddi gözəl” adlı muğam konserti təqdim olunub. Xanəndəni Zəki Vəliyev (tar), Cavidan Nəbiyev (dəf) və Mirsəid Xavər (kamança) müşayiət edib.
Xalq artisti Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin qəzəllərindən parçalarla “Mahur”, “Şüştər” muğamlarını və “Zabul” üstündə təsniflər ifa edib. Konsert zamanı böyük ekranda Azərbaycanın qədim, zəngin və rəngarəng miniatür sənəti nümunələri nümayiş etdirilib. Muğam ustadı Alim Qasımov, həmişə olduğu kimi, dinləyicilərin qəlbini fəth edib və ecazkar ifası ilə sənətsevərlərin ruhunu oxşayıb.
Bayram tədbirində təşkilatçı ölkələrin, o cümlədən Azərbaycanın milli mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim edilib.