Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirildi.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov tədbiri açaraq müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri barədə danışdı. Bildirdi ki, 1918-ci ilin mart soyqırımı Azərbaycan xalqının tarixində baş vermiş ən faciəli hadisələrdəndir. Ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə 31 mart tarixi 1998-ci ildən dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Erməni şovinistləri 1905-1907, 1948-1953-ci illərdə, eləcə də 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı genişmiqyaslı aksiyalar, deportasiya və etnik təmizləmə həyata keçiriblər.

Qeyd olundu ki, 1918-ci ildə azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla icra olunub. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, tarixi və dini abidələr dağıdılıb.

Sənətşünaslıq elmləri doktoru Cəmilə Həsənova çıxışında qeyd etdi ki, keçmiş sovet dövründə xalqımızın qarşılaşdığı qəddarlıqlar və faciələr barədə məlumatlar uzun müddət cəmiyyətdən gizli saxlanılıb və tariximiz saxtalaşdırılıb: “Təəssüf ki, uzun illər biz bu qanlı faciələrdən xəbərsiz yaşamışıq. Lakin gec də olsa, şair və yazıçılarımız bu faciələr barədə kitablar yazdılar. Bir çox musiqi əsərləri  bəstələndi. Görkəmli bəstəkarlarımızdan Vasif Adıgözəlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar” operaları, Oqtay Kazıminin “Şəhidlər” simfoniyası, Ramiz Mustafayevin “Salatın” oratoriyası, Azər Dadaşovun “Bu Vətən ölə bilməz” kantatası və digər əsərlər ərsəyə gəlib”.

Çıxışlardan sonra Azər Dadaşovun “Nalə” kompozisiyası təqdim olundu.

Savalan FƏRƏCOV