1918-ci il soyqırımının ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində konfrans
Martın 31-də Quba Soyqırımı Memorial Kompleksində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1918-ci il soyqırımının 101-ci ildönümünə həsr edilmiş konfrans keçirildi.
Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, digər rəsmilər, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak edirdilər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzdülər.
Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olundu. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı, ruhlarına dualar oxundu.
Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisinə baxdılar.
Tədbirin açılışında şagirdlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” muğamını ifa etdilər.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirdi ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır. “Yüz bir il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi talan edilib, mədəniyyət abidələri, məscidlər dağıdılıb”, - deyə Z.Sultanov qeyd etdi.
Mədəniyyət naziri Əbülfəs Qarayev konfransda çıxış edərək hər bir xalqın tarixində ağrılı, çətin məqamların olduğunu bildirdi. “Geri dönüb həmin hadisələrə diqqətlə baxmaq, tarixin dərslərindən ibrət götürmək vacibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan, XXI əsrin memarlıq üslubunda inşa olunmuş Quba Soyqırımı Memorial Kompleksində bunun üçün gözəl imkan var.
Ulu öndər Heydər Əliyev deyirdi ki, vaxt keçdikcə bu faciə bizim üçün daha ağrılı olur, onu daha dərindən dərk edirik və çətinliklə qəbul edirik. Bu sözlər faciəli tarixin yaddaşlarda həmişə yaşayacağını bildirir. Biz soyqırımı qurbanları qarşısında baş əyirik, onları yad edərək gənc nəslimizə məlumat veririk, düzgün yol göstəririk. Övladlarımız bu tarixi yaddan çıxarmamalıdır. Çünki erməni siyasətçiləri bu əməlləri həmişə davam etdirəcək. Buna görə də Azərbaycan xalqı ayıq olmalıdır. Bu çirkin siyasət davam edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq. Azərbaycan xalqının, burada əsrlərlə yaşayan digər xalqların yaratdıqları sərvəti, adət-ənənələri qorumalıyıq və gənc nəslə ötürməliyik”, - deyə nazir Ə.Qarayev vurğuladı.
Nazir qeyd etdi ki, Azərbaycan gündən-günə inkişaf edir, hər sahədə uğurlar qazanılır. Amma davamlı inkişafla yanaşı, tariximiz daha dərindən öyrənilməli, unudulmamalıdır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində iqtisadiyyatımız, ordumuz güclənir, beynəlxalq aləmdə Azərbaycana hörmətlə yanaşılır. Bununla bərabər, keçmişdə yaşadığımız faciəli tarixi hadisələrə baxaraq, daha güclü olmalıyıq. Azərbaycanın bir qarış torpağının, mədəni sərvətinin kiçik bir hissəsinin belə düşmən əlinə düşməsinə imkan verməməliyik. Bu gün mədəni sərvətlərimizə qarşı da dayanmadan təcavüz edilir. Ayıq olmalıyıq ki, torpağımızı, mədəni sərvətlərimizi müdafiə edə bilək. Mən bu yolda çalışan tarixçilərimizə, mədəniyyət xadimlərimizə, siyasətçilərimizə, ictimai qurumların nümayəndələrinə təşəkkür edirəm. Biz fəal olmalı, xalqımızın başına gətirilən faciələri daha geniş şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Əminik ki, Azərbaycanın gəncliyi öz gələcək həyatını ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin vətəndaşları olaraq yaşayacaqlar. Azərbaycan torpaqları işğaldan azad olunacaq, əsl həqiqətlər dünya miqyasında tanınacaq və bu faciənin də dünya miqyasında siyasi və hüquqi qiyməti veriləcək”.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirdi ki, 2007-ci ildə aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirir.
Diqqətə çatdırıldı ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova konfransın əhəmiyyətini vurğulayaraq dedi ki, Azərbaycan torpaqlarında sonradan məskunlaşdırılmış nankor ermənilər tarix boyu xalqımıza qarşı bir neçə dəfə dəhşətli soyqırımları törədib, öz məkrli məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə, vandalizmə əl atıblar: “Hələ ötən əsrin əvvəllərində təcavüzlə mübarizə aparan soydaşlarımız “Difai” təşkilatını yaratmışdı. Amma sovet ideologiyası həmin təşkilatın üzvlərini panislamist adlandıraraq, xalq üçün fədakar zəhmətinə kölgə salmışdı. Biz bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Öz gücümüzü göstərməliyik”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı vurğuladı ki, Quba Soyqırımı Memorial Kompleksində nümayiş etdirilən sənədlər erməni vandalizmini bəşəriyyətin diqqətinə çatdırmaq üçün əvəzsiz nümunələrdir. Çox təəssüf ki, sovet hakimiyyəti illərində bu hadisələr xalqımıza birtərəfli qaydada çatdırılıb və ermənilərə təbliğat aparmaq üçün şərait yaradılıb: “Həmin hadisələrdən bəhs edən sənədlərin hamısı məxfi adı ilə Azərbaycan alimlərindən gizlədilirdi. Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra bu tarixi araşdırmaq üçün geniş meydan açıldı. Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlaqədar ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirildi”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında iki ölkənin qarşılaşdığı təhdidlərin, faciələrin hər zaman eyni olduğunu diqqətə çatdırdı: “Biz iki dövlət, bir millətik. 1918-ci ildə Birinci Dünya müharibəsinin sonlarında rus orduları Anadoluya irəliləməyə başladı, Ərzurumu, Ərzincanı ələ keçirdi. Bu zaman Bakıdakı İsmailiyyə binasında yerləşən xeyriyyə cəmiyyəti Anadoludakı qardaşlarına yardım etdi. Məncə, İsmailiyyə binasının 1918-ci il martın 31-də yandırılan ilk binalardan biri olması heç də təsadüfi deyil. Türkiyəni, Osmanlı imperiyasını keçmişdə soyqırımı törətməkdə ittiham edənlər özlərinin əməllərini unutmaqdadırlar. Onlar 1918-ci ildə Azərbaycanda etdiklərinin eynisini Anadoluda da həyata keçirdilər. Ermənilər Anadoluda törətdikləri hadisələriOsmanlı dövlətinə qarşı özlərini müdafiə etmək üçün törətdiklərini iddia edirlər. O zaman onlardan soruşmaq lazımdır ki, bəs niyə Azərbaycanda bu əməlləri törətdiniz? Azərbaycanda o dönəm yaşananlar eyni şəkildə Anadoluda da yaşanıb. Bunun səbəbi də “Böyük Ermənistan” xəyalıdır. Ermənilər bu xəyaldan vaz keçməyiblər. 27 il əvvəl bunu öz gözlərimizlə gördük. Qarabağda, Xocalıda, Azərbaycanın işğal altındakı 7 rayonunda bunun şahidi olduq. Biz bu gün ayıq olmalıyıq. Xüsusən, gənclərimiz keçmişimizi öyrənib, gələcəyimizə sahib çıxmalıdırlar”.
AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov qeyd etdi ki, tarixin acı səhifələrini yaşamış Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən biridir. “Prezidentimiz müasir inkişafın Azərbaycan modelinin müəllifidir. Fikrimcə, iqtisadi, sosial və digər sahələrdə qazanılan uğurlarla yanaşı, bu modelin ən böyük uğuru tariximizə sahib çıxmağımız, azərbaycançılıq təfəkkürünün qalib gəlməsidir. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması tariximizə sahib çıxmaq baxımından olduqca vacib addım oldu. Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır. Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ona görə də biz daha çox işləməliyik. Təbliğat sistemimizi daha da mükəmməlləşdirməliyik. Bütün bunlarla bağlı çox qiymətli sənədlər var. Təəssüf doğuran hal isə dünyanın bunu görmək istəməməsidir. BMT-nin Ermənistanın təcavüzkar ölkə olması barədə 4 qətnaməsi var. Məgər dünya bunu görmür?”, - deyə Y.Mahmudov bildirdi.
Konfransda daha sonra tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları çıxış etdilər. Çıxışlarda bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ildə ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırıldı, baş verənlərin tam araşdırılmasının və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsinin qarşısı alındı. Bu gün həmin tarixi sənədlər xarici dillərə tərcümə olunaraq dünyaya çatdırılır.
Konfransın sonunda iştirakçılar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazdılar.
F.HÜSEYNOV