Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin Parisə səfəri zamanı UNESCO-da keçirdiyi görüşlər, təşkilatın Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıqla bağlı iclasda iştirakı barədə ötən sayımızda məlumat vermişdik.

Səfər zamanı UNESCO-nun baş qərargahında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclası keçirilib.

UNESCO Katibliyi, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESCO-nun rəsmiləri və işçi qrupun digər üzvlərinin iştirak etdiyi iclasda 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri müzakirə olunub.

Əbülfəs Qarayev qeyd edib ki, “Bakı Prosesi” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir və bu proses çərçivəsində son 10 ildə 4 dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, 6 dəfə Bakı Beynəlxalq Humanitar Forumu, nazirlər konfransları və digər beynəlxalq tədbirlər təşkil edilib. Bu təşəbbüs BMT-nin baş katibi tərəfindən təşkilatın əsas platforması kimi elan edilib, “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal xarakter alıb.

UNESCO-nun Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson qurumun “Bakı Prosesi”nin həyata keçirilməsində fəal iştirak etdiyini, onun əsas tərəfdaşlarından biri olduğunu və budəfəki forum çərçivəsində UNESCO tərəfindən 5 tədbirin təşkil ediləcəyini bildirib.

BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, Avropa Şurasının rəsmiləri və Forumun ekspertlər qrupunun üzvü, Böyük Britaniyanın Koventri Universitetinin professoru Mayk Hardi V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı ilə bağlı fikirlərini səsləndiriblər və qərara alınıb ki, proqram üzrə müzakirə mövzuları, plenar sessiyalar barədə son təkliflər 5 aprel tarixinədək təqdim edilsin. Qeyd olunub ki, budəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcək. Forum çərçivəsində, həmçinin Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı da keçiriləcək.

Sonda nazir Əbülfəs Qarayev 2017-ci ildə keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarını xatırladaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağını və tədbirin yekununda Fəaliyyət Planının qəbul ediləcəyini bildirib.

 

V Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya sessiyası

 

UNESCO-nun baş qərargahında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya sessiyası da keçirilib. Sessiyanı açıq elan edən təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson “Bakı Prosesi”nin əhəmiyyəti və V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı üzv ölkələrin nümayəndələrinə məlumat verib.

Sonra Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, Forumun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saad, İSESCO-nun rəsmisi Yahya Pallaviçini və Avropa Şurasının rəsmisi Migel Silva çıxış edərək müasir dövrdə mədəniyyət və dinlərarası münasibətlərin vəziyyəti, “Bakı Prosesi”nin qlobal səviyyədə əhəmiyyəti, 2019-cu ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramında nəzərdə tutulan məsələlərlə bağlı danışıblar.

İnformasiya sessiyasında “Bakı Prosesi” və V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan film nümayiş etdirilib.