Martın 30-da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçirilib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov seminarın əhəmiyyətindən danışıb və Azərbaycan memarlıq sənətinin qədim ənənələri olduğunu vurğulayıb.
“Memarlıq və beyin neyronları ilə fəaliyyətin əlaqəsi” və “Rənglər və həndəsi obyektlərin beyində əksi” mövzularına həsr olunan seminar “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımovanın rəhbərliyi ilə aparılıb.
Qeyd edilib ki, seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədilə təşkil olunub. Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu və davranışlarımız modellərimizdə özünü əks etdirir. İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir.
İnsan beyni bəşəriyyətdə bizə məlum olan ən mürəkkəb qurğudur. Beyində olan milyardlarla neyron, trilyonlarla sinaps vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı sinir sistemi vasitəsilə təmin olunur.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.