Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, nazirliyin regional mədəniyyət idarələrinin iştirakı ilə ölkəmizdə ikinci dəfə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.
Festivalın məqsədi Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də regionlararası mədəni mübadiləni gücləndirməkdir. Layihəyə martın 28-də Gəncə şəhərində start verilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, respublikamızın bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş guşələrdə bölgələrin xalq sənətkarlıq nümunələri, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ-tətbiqi sənət əsərləri, rəsmlər, suvenirlər və digər əl işləri ilə tanış olublar.
Lahıc ustalarının hazırladıqları misgərlik nümunələri, məişət qabları, Basqal kəlağayıları, Sumqayıt sənətkarlarının zərif naxışlı tikmələri, muncuqlardan hazırlanmış bəzək əşyaları, Xaçmaz bölgəsindən olan ustaların çay daşları üzərində həkk etdikləri portretlər, Şəki ustalarının hazırladıqları şəbəkəbəndlər, kəlağayı, təkəlduz sənəti nümunələri, həmin bölgəyə aid şirniyyatlar, biləsuvarlı sənətkarın qrafik əsərləri, Milli Qəhrəman Mübariz İbrahimovun portreti, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma nümunələri maraqla qarşılanıb. Bundan başqa, digər regional idarələrin guşələrindəki nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid fəlsəfi məzmunlu rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərlər, müxtəlif əl işləri festival iştirakçılarında zəngin təəssürat yaradıb.
Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər. Müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sakinlər bölgələrimizdə ikinci dəfə belə bir festivalın keçirilməsinin əhəmiyyətini məmnunluqla qeyd ediblər.
Festivalın növbəti ünvanı Ağstafa olub
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağstafa şəhəri olub.
Şəhərdəki Heydər Əliyev parkında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin təmsilçiləri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin regional mədəniyyət idarələrinin nümayəndə heyətləri iştirak ediblər.
Parkda Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin festival çadırları qurulub. Tədbir iştirakçıları hər bir regional idarə üzrə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsm əsərləri, müxtəlif əl işləri ilə maraqla tanış olublar.
Sonra Mədəniyyət Nazirliyinin regional idarələrinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qruplarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Sərgi-guşələrlə tanışlıq, həmçinin konsert proqramı regionlardan gəlmiş qonaqlarda, eləcə də yerli ictimaiyyət nümayəndələrində zəngin təəssürat yaradıb.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın digər regionları kimi, qərb bölgəsinin də qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Yaradıcılıq festivalı ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq.
Gəncə Regional Mədəniyyət İdarəsinin təmsilçisi Məhbubə Həsənova da festivalın əhəmiyyətini vurğulayıb. Bildirib ki, ötən il olduğu kimi, bu il də belə bir festivalda bölgələrin mədəni zənginliyinin geniş şəkildə nümayiş olunması çox xoş və təqdirəlayiq hadisədir.
Rayon sakinləri də bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
* * *
Qeyd edək ki, 2018-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” ilk yaradıcılıq festivalı iki ay davam edərək geniş rezonans doğurmuşdu.
Builki festival da iki ay davam edəcək. Gəncə və Ağstafadan sonra festival tədbirlərinin aprel ayında Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcabədi, Abşeron, Xaçmaz rayonlarında, may ayında Lerik, Masallı, Şəmkir, Balakən və Şamaxıda keçirilməsi planlaşdırılır.