İki il əvvəl hərracda 450 milyon dollara satılmışdı

Luvr Muzeyinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərindəki filialında nümayiş etdirilməsi nəzərdə tutulan dahi italyan rəssamı Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsəri yoxa çıxıb.

Xarici informasiya vasitələrinin yazdığına görə, əsər hələ 2018-ci ilin sentyabrında Luvrun Abu-Dabi filialında nümayiş etdirilməli idi. Abu-Dabi Mədəniyyət və Turizm Departamentindən məsələyə aydınlıq gətirilməyib. Filialın adlarının çəkilməsini istəməyən əməkdaşlarının sözlərinə görə, onlar tablonun harada olduğunu bilmirlər.

Luvr Muzeyindən də bu barədə dürüst məlumat verilməyib. Fransanın hakimiyyət orqanları tablonun tapılacağına ümid bəsləyirlər.

Xatırladaq ki, İntibah dövrünün ən məşhur əsərlərindən sayılan “Dünyanın xilaskarı” tablosu 2017-ci ilin noyabrında Nyu-Yorkda, “Christie’s” hərracında 450 milyon dollara satılmışdı. Bu, dünya tarixində hərracda satılmış ən bahalı əsərdir. Onu rusiyalı milyarder Dmitri Rıbolovlev hərraca çıxarmışdı. O, tablonu 2013-cü ildə isveçrəli art-diler İv Buvyedən 127,5 milyon dollara alıb. Bəzi məlumatlara görə, tablonun yeni sahibi Səudiyyə Ərəbistanı şahzadəsi Bədr bin Abdulla bin Məhəmməd bin Fərhan Al Səud olub. Lakin sonralar “Christie’s”dən bildiriblər ki, tablo Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinə satılıb.

Luvr Muzeyinin Abu-Dabi filialı 2018-ci ilin noyabrında öz qapılarını sənətsevərlərin üzünə açıb. Bu, Luvrun Fransadan kənarda yeganə rəsmi filialıdır. Burada təqribən 600 incəsənət əsəri nümayiş etdirilir. Onların çoxu başqa muzeylərdən, o cümlədən Fransanın Luvr, Jorj Pompidu Mərkəzi, Versal və s. muzeylərindən alınıb.

SƏBİNƏ