Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “Azərxalça” ASC-nin rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor Vidadi Muradov “Müasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq xalçaşünaslıq elminin müstəqil, konseptual və fundamental şəkildə formalaşması, bu istiqamət üzrə elmi ixtisaslı kadrların hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində xalçaşünaslıq sektoru yaradılıb. Azərbaycan xalçaçılıq sənəti tarix, etnoqrafiya, iqtisadiyyat, sənətşünaslıq, folklor, etnobotanika və digər elmlərin kontekstində praktik və nəzəri materiallar əsasında öyrənilir.
Sektorda AMEA-nın Botanika İnstitutunun əməkdaşları ilə birlikdə “Azərbaycanın boyaqçılıq tarixi” mövzusunda tədqiqat işləri aparılıb.
Alim vurğulayıb ki, elmi ədəbiyyatlarda Qarabağ və yaxud Təbriz qrupunun tərkibində tədqiq olunan Naxçıvan xalça və xalça məmulatları yenidən araşdırılıb, Lənkəran-Astara bölgəsində xalçaçılıq ənənələri öyrənilib. Qeyd edilib ki, bölgədə toxunan xalçalar bədii və texniki cəhətdən əsasən Cənubi Azərbaycan və Qarabağ xalçaçılıq ənənələrini əks etdirir.