Aprelin 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli xanəndə, Xalq artisti Seyid Şuşinskinin 130 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq dövlət başçısının müvafiq sərəncamına əsasən muğam ustadının yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd olunduğunu dedi, sənətkarın həyat və yaradıcılığı barədə danışdı.
Bildirdi ki, Seyid Şuşinski (Mir Möhsün Seyid İbrahim oğlu) 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində dünyaya göz açıb. Erkən çağlardan xalq şənliklərində çıxış edib. Peşəkar xanəndə kimi tanınmasında Azərbaycan xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin böyük rolu olub. İki il Şuşada Mir Möhsün Nəvvabın məktəbində oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub.
Muzeyin Xalq çalğı alətləri şöbəsinin müdiri Təranə Zeynalova Seyid Şuşinskinin yaradıcılıq yolu, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətləri haqqında geniş məlumat verdi. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu.
Xalq artisti Canəli Əkbərov sənətkarın ömür yolundan danışdı. Qeyd etdi ki, Seyid Şuşinski 1911-ci ilədək Şuşada yaşayıb. Şəhərin toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (bəstəkar Fikrət Əmirovun atası) tanış olub. O, S.Şuşinskinin ifasını bəyənir və özü ilə Gəncəyə aparır. Çox keçmir Seyid gəncəlilərin sevimlisinə çevrilir. Sonra Tiflisə köçür və 1919-cu ilədək orada yaşayır, şəhərin mədəni həyatında yaxından iştirak edir.
Əməkdar artist Süleyman Abdullayev çıxışında S.Şuşinskinin sənətkarlığından söz açdı. Bildirdi ki, görkəmli xanəndə “Çahargah”ı böyük məharətlə oxuyub, bu muğama “Mayə” əvəzinə “Mənsuriyyə”dən başlayarmış. Buna görə də C.Qaryağdıoğlu S.Şuşinskini “Şərq musiqisinin incisi” adlandırıb.
Tədbirdə daha sonra xalq artistləri Vamiq Məmmədəliyev, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Arif Əsədullayev və başqaları xanəndənin bənzərsiz sənətkarlığından söz açdılar. Vurğulandı ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. İstedadlı musiqiçilərin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərən Seyid Şuşinski 1965-ci ildə Bakıda vəfat edib.
Çıxışlardan sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, Muğam televiziya müsabiqəsinin laureatı Nüşabə Kərimli (xanəndə), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Məftun Səfərli (xanəndə), Nicat Umbayev (tar), Abbas Abdullayev (kamança), Fərid İsgəndərov (tar) və Hikmət Abdullayevin (kamança) iştirakı ilə konsert proqramı təqdim edildi.
Savalan FƏRƏCOV