Özbəkistanın “Sevimli” televiziya kanalının “Zamon” proqramında Dilnoza Saidovanın Azərbaycanla bağlı geniş videomaterialı yayımlanıb.
Material Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Materialda Fəxri xiyaban haqqında danışılır, bildirilir ki, burada Azərbaycanın tanınmış dövlət, elm, mədəniyyət, incəsənət xadimləri dəfn olunub. Çəkiliş qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. SSRİ xalq artistləri Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayevin, Özbəkistanda tamaşaçıların “Qayınana” filmindən yaxşı tanıdığı Xalq artisti Nəsibə Zeynalovanın qəbirləri üzərinə də çiçək dəstələri qoyulub. Özbək qonaqlar Şəhidlər xiyabanında da olub, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən insanların məzarlarına çiçək dəstələri düzüblər.
Verilişdə jurnalist Qəbələ, Qusar rayonlarına səfərindən, Şahdağ Turizm Mərkəzindən də söhbət açır.