Türkiyənin ənənəvi əl sənəti nümunələri aprelin 4-də Bakıda işə başlayan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) qardaş ölkənin stendində nümayiş olunur.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçinin verdiyi məlumata görə, builki AİTF sərgisindəki stenddə yenilənmiş “Türkiyə” imici və “2019 Göbeklitepe ili” önə çıxarılıb. Göbeklitepe Türkiyənin Şanlıurfa şəhərinin 20 km-də Örencik kəndi yaxınlığında aşkar edilən Neolit dövrünə aid abidə – dünyada ən qədim tikililərin (Misir piramidalarından da 7 min il qədim) tapıldığı məkandır. Bu il Türkiyədə “Göbeklitepe ili” elan edilib. Türkiyə stendində ziyarətçilərə bu barədə ətraflı məlumat verilir.
Türk folkloru və qədim Zeybək rəqslərinin müşayiəti altında sərginin qonaqları stenddə sərgilənən sənət nümunələri ilə tanış olurlar. Ziyarətçilərə Türkiyənin unikal və ənənəvi sənətlərindən olan Tokat əlyazmaları, İznik çini qabları və Ebru sənətinin tanınmış ustaları tərəfindən onun necə hazırlandığı göstərilir. Türk xalq oyunları və rəqsləri nümayiş olunur. Qonaqlara ənənəvi qədim texnikası ilə bişirilən türk qəhvəsi, türk lokumu, paxlavası, digər şirniyyatlar təqdim edilir.
İrfan Çiftçinin bildirdiyinə görə, dünyanın ilk beş böyük turizm ölkəsindən biri olan Türkiyənin bu ildən etibarən “Türkiyə eviniz” (Home Of Turkey) şüarı əvəzinə sadəcə “Türkiyə” loqosu ilə təbliğatı aparılacaq. Sərgiyə qardaş ölkədən 9 şirkət, ümumilikdə 50-dək nümayəndə qatılıb.
Stendi ziyarət edənlər arasından püşkatma yolu ilə üç nəfərə Türkiyə Hava Yolları tərəfindən xüsusi səyahət bileti veriləcək.