Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.
Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.
Denis Matsuyev haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab edilir. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.Çaykovski adına simfonik orkestr ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.
Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub. Şəhərdəki V.Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. Pianoçu 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərs alıb.
D.Matsuyev 23 yaşında P.Çaykovski adına XI Beynəlxalq müsabiqədə uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Pianoçu bu gün dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, böyük musiqi festivallarının iştirakçısı, Rusiyanın, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin tərəfdaşıdır.