Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, tədqiqi və təbliği əsas vəzifələrindən olan, Mədəniyyət Nazirliyinin strukturunda fəaliyyət göstərən rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin işinin müasir dövrün tələblərinə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə bu mərkəzlərin inteqrativ veb-portalı yaradılır.
Məsələ ilə əlaqədar aprelin 8-də Bakının Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində rayon (şəhər) Heydər Əliyev mərkəzləri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.
İclas zamanı portalın strukturu, məzmunu, idarə olunması, müvafiq məlumatların daxil edilməsi və digər məsələlər müzakirə olunub.
Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə veb-portalın hazırlanması ilə məşğul olan müvafiq İT şirkətinin nümayəndələri, rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin direktorları və veb-portalın təşkili ilə məşğul olacaq operatorlar iştirak ediblər.