Bu günlərdə “Elm” nəşriyyatında professor Şirməmməd Hüseynovun gərgin zəhmətinin bəhrəsi olan “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə” edilmiş əsərləri” kitabının II hissəsi işıq üzü görüb.
   
   Böyük bəstəkarın indiyədək oxuculara bəlli olmayan məqalələrini böyük məhəbbət və tükənməz səbrlə toplayan, ərəb əlifbasından latın qrafikalı əlifbaya çevirən və xüsusi lüğət tərtib edən professor Şirməmməd Hüseynov kitaba yazdığı ön sözdə qeyd edir ki, kitabın 1904-1912-ci illəri əhatə edən I hissəsi ötən il oxuculara təqdim edilmişdi.
   Kitabın II hissəsi 1915-1917-ci illəri əhatə edir. Buraya Üzeyir bəyin “Yeni İqbal”, “Sovqat”, “Açıq söz”, “Doğru söz”, “İttihad” qəzetlərində dərc edilmiş əsərləri daxildir. Müəllif bildirir ki, bu yazıların bir qismi Üzeyir bəyin nə əsərlərinin biblioqrafiyasında, nə “Həyat və yaradıcılıq salnaməsi”ndə və nə də ensiklopediyasında göstərilib. Kitaba Ü.Hacıbəylinin 1918-ci il noyabrın əvvəllərində “Azərbaycan” (rus dilində) qəzetində dərc edilmiş “Pisma o Persii” sərlövhəli çox mühüm bir əsəri də daxil edilib.
   Kitabda, eyni zamanda ayrıca bölmə kimi Üzeyir bəyin əvvəlki nəşrlərdəki əsərlərində aparılmış ixtisar və hətta “redaktə” edilmiş hissələrinin orijinalla yoxlanılmış tam mətni də verilib.
   Professor Ş.Hüseynov “Ön söz”də yazır: “Məncə bütün görülən bu işlər milli iftixarımız, əvəzsiz tarixi şəxsiyyət Üzeyir bəyin əsərlərinin akademik külliyatını hazırlamaq və nəşr etmək üçün vacib idi. Qarşıda bu müqəddəs vəzifənin icrası durur. Üzeyir bəy irsinin pərəstişkarı kimi mən də bu məsuliyyətli və şərəfli işə bundan sonra da kömək etməyə hazıram”.