Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə aprelin 6-dan 10-dək Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı keçirilir.

İlk dəfə keçirilən festivalın açılışında ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Əli Şamil, şair, publisist Əkbər Qoşalı, aşıqlar Samirə Əliyeva və Əli Quliyev də festivala qatılıblar. Tədbirdə ümumilikdə 70-dən çox ölkədən baxşi, aşıq, akın, ozanlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edir.

Festivalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq iştirakçıları təbrik edib, baxşi yaradıcılıq məktəblərinin yaradılmasının, bu sənətin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb.

Festival çərçivəsində müxtəlif xalqların musiqiləri təqdim olunur. Tədbirin proqramına “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da daxildir.