Xəbər verdiyimiz kimi, Bakıda “Kainat” Gənclik Mərkəzinin ənənəvi layihəsi üzrə, İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi keçirilib.

Aprelin 11-də Bakı Musiqi Akademiyasında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti oldu.

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin əhəmiyyətindən danışdı. Bildirdi ki, ənənəvi olaraq reallaşan müsabiqədə iştirak edən ölkələrin sayı artmaqdadır. Müsabiqə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirir, onların öz istedadını nümayiş etdirməsinə şərait yaradır. Həmçinin belə tədbirlər ölkələr arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirməyə xidmət edir.

Nazir müavini mədəniyyətimizin dünyada təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdi.

Sonra İSESCO-dan müsabiqəyə ünvanlanan məktub oxundu.

Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın prorektoru, professor Yeganə Axundova səkkizinci dəfə keçirilən müsabiqənin coğrafiyasının ildən-ilə genişləndiyini bildirdilər.

Vurğulandı ki, layihə təkcə gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.

Sonra müsabiqə qaliblərinin adları açıqlandı, onlara mükafatlar təqdim olundu.

I yerlərin sahibləri: fortepiano - Əli Vəliyev (Azərbaycan), Məhşitfər Sədra Ramin (İran); simli alətlər - Səidə Əhmədova, Aydan Hacıəhmədova (Azərbaycan), Samat İlmuradov (Qazaxıstan); nəfəs alətləri - Aleksandr Belov (Başqırdıstan, Rusiya), Moldir Kudaybergenova (Qazaxıstan).

Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim edildi.

Qeyd edək ki, müsabiqəyə Misir, Türkiyə, Mərakeş, İran, Başqırdıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycandan yaşı 20-dək olan klassik musiqi ifaçıları qatılıb.

F.HÜSEYNOV