Aprelin 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Maraqlı insanlarla görüş” klubunun növbəti toplantısının qonağı Xalq yazıçısı Çingiz Abdullayev idi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirdi ki, “Maraqlı insanlarla görüş” klubunun bugünkü yığıncağı çox xoş bir hadisəyə təsadüf edir: “Bu toplantını Azərbaycan Yazıçılar Birliyinin katibi və Milli Kitabxananın Müşahidə Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşə həsr etməyi nəzərdə tutmuşduq. Bu ərəfədə isə yazıçı dövlət başçısının sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq diqqətə çatdırdı ki, bu ilin əvvəllərindən mədəniyyət sahəsində önəmli hadisələr baş verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü, eləcə də dövlət başçısının son günlərdə imzaladığı sərəncamlar mədəniyyət və incəsənət sahəsinə göstərilən yüksək diqqətin təzahürüdür: “Mədəniyyət və incəsənət xadimləri cənab Prezidentin və Birinci vitse-prezidentin bu qayğısını çox yüksək dəyərləndirirlər. Ulu öndər Heydər Əliyev tərəfindən başlanan bu ənənə davam edir və Azərbaycanın mədəniyyət və ədəbiyyat sahəsində xidmətləri olan insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar”.

Nazir daha sonra dedi: “Çox xoş bir hadisədir ki, eyni gündə iki müxtəlif mükafatı sahiblərinə təqdim edəcəyəm. Ölkə başçısının 27 mart 2019-cu il tarixli sərəncamına əsasən nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərnəşr”in direktoru Azər Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Cənab Prezidentin 9 apreldə imzaladığı sərəncam ilə Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif olunmuşdur”.

Əbülfəs Qarayev bildirdi ki, “Maraqlı insanlarla görüş” layihəsində ədəbiyyat sahəsinə xidmət edən bu iki insan öz xoş anlarını birlikdə qeyd edirlər: “Bu il 80 yaşını qeyd edən, uzun illər ölkəmizdə nəşriyyat sahəsində çalışan Azər müəllimə bu auditoriyada ordenin təqdim edilməsi məntiqi haldır. Çünki o, nəşriyyat və poliqrafiya sahəsində xidmətləri olan, bu işin önündə gedən bir insandır. Onun rəhbərlik etdiyi “Azərnəşr” bu gün nəşriyyat sahəsində mühüm mövqeyi olan bir müəssisədir”.

Sonra nazir Azər Mustafazadəyə 2-ci dərəcəli “Əmək” ordenini təqdim etdi, ona işlərində uğurlar arzuladı.

Daha sonra Əbülfəs Qarayev  Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılığı barədə fikirlərini bölüşdü. Bildirdi ki, yazıçı hər zaman oxucusunun yanındadır. Onun əsərləri dünyanın bir çox ölkələrində sevilərək oxunur: “Çingiz Abdullayev yazıçı kimi heç vaxt laqeyd olmayıb. Ölkəmizdə və cəmiyyətdə baş verən hadisələrə cəsarətlə münasibət bildirərək həqiqətin tərəfdarı olduğunu hər zaman sübut edib. Geniş ictimai fəaliyyəti ilə yanaşı, həm də ərsəyə gətirdiyi çoxsaylı əsərlərlə cəmiyyətin sevdiyi yazıçılardan biridir. Çingiz Abdullayev Azərbaycanın təbliğatçılarındandır. Müxtəlif ölkələrdə onun kitabları ilə qarşılaşmışam. Biz bununla qürur duyuruq”.

Qeyd olundu ki, Azərbaycanda ədəbi prosesin inkişafında Yazıçılar Birliyinin katibi kimi Çingiz Abdullayevin də öz rolu var: “Onun sözü, fikri həmişə rəğbətlə qarşılanır. Çünki yazıçının mövqeyi, yazıçının sözü ictimaiyyətin mövqeyinin ifadəsidir. O öz əsərlərində Azərbaycanda baş verən siyasi hadisələri qələmə alır, təhlil edir. Bu da ciddi marağa səbəb olur”.

Əbülfəs Qarayev yazıçıya “Şərəf” ordenini təqdim etdi, onu 60 illik yubileyi münasibətilə təbrik edərək cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı.

Çingiz Abdullayev çıxış edərək əməyinə verilən qiymətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Vurğuladı ki, yazıçı xalqın əbədiyyət vəkilidir: “Min illər sonra oxuyanda bilinir ki, bu xalq necə yaşayıb, xalqın tarixi necə olub. Buna görə də yazıçıdan çox şey asılıdır. Şadam ki, çoxsaylı oxucularım var. Bu 3-4 gün müddətində müxtəlif ölkələrin mükafatlarına layiq görülmüşəm. Bütün ölkələrə və dillərə böyük hörmətim var. Amma bir yazıçı üçün ən böyük mükafat ona ölkəsində verilən mükafatdır. Bu orden mənim üçün böyük məsuliyyətdir.

Azərbaycanın Xalq yazıçısısansa, birinci növbədə səni öz ölkəndə oxumalı və sevməlidirlər. Xaricdə sevilmək isə ölkəmin təbliği deməkdir. Bir daha bütün qonaqlara dərin təşəkkürümü bildirirəm”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar hər iki yubilyarı təbrik etdi. O, “Azərnəşr”in Azərbaycan ədəbiyyatının çapında və təbliğində rolundan söz açdı. Çingiz Abdullayevin 30 il əvvəl Yazıçılar Birliyinə gəldiyi illərlə bağlı xatirələrini bölüşən Anar vurğuladı ki, o həm ədib, həm də qurumun katibi kimi təşkilati işlərdə çox işgüzardır. Eyni zamanda “Pen klub”un sədri kimi də fəaliyyəti təqdirəlayiqdir. Ədəbiyyatımızın təbliğində və Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında Çingiz Abdullayevin öz rolu var.

“Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, Əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, yazıçı-dramaturq Elçin Hüseynbəyli yubilyarları təbrik etdilər.

Sonda Çingiz Abdullayev oxucuları maraqlandıran sualları cavablandırdı.

Lalə AZƏRİ