Bu günlərdə dünyasını dəyişən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanov tanınmış musiqişünas alim olmaqla yanaşı, həm də Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi. O, 28 mart 2019-cu il tarixdə uzun müddətdən bəri çalışdığı Türkiyədə vəfat edib.
Babək Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda görkəmli şair Osman Sarıvəllinin ailəsində dünyaya gəlib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Musiqi nəzəriyyəsi fakültəsində təhsil alıb. 1967-ci ildə “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə isə Moskvada SSRİ EA-nın Fəlsəfə İnstitutunda “Proqramlı musiqinin estetik prinsipləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
B.Qurbanov Azərbaycanda ilk dəfə musiqi elmini estetika, sosiologiya ilə sıx uzlaşdırıb və bu sahədə onlarla monoqrafiya, elmi məqalə yazıb, “Mənəvi saflıq dünyası”, “Estetikaya səyahət”, “Kütləvi mədəniyyətin tənqidi”, “İncəsənətin sosial fəallığı”, “Musiqi-estetik tərbiyənin problemləri”, “Azərbaycan incəsənətinin bədii-estetik problemləri”, “Azərbaycan incəsənəti xaricdə”, “Proqramlı musiqinin estetik problemləri”, “Televiziya teatrı” və s. kitabları mühüm elmi araşdırmaların nəticələri kimi ərsəyə gəlib.
B.Qurbanov 1981-1989-cu illərdə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika sektorunun müdiri, 1989-1992-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri (1992-2008) olub, etika, estetika, fəlsəfə, türk düşüncə tarixi, musiqi nəzəriyyəsi, musiqi estetikası, sənət fəlsəfəsi, harmoniya və digər fənləri tədris edib. Musiqişünas ömrünün son illərində Qaziantep Türk Musiqisi Dövlət Konservatoriyasında işləyib.
Alim Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq elmi və elmi-publisistik məqalə həsr edib. Onun “Üzeyir Hacıbəyovun estetik baxışları”, “Vaqif və xarici mətbuat”, “Avesta”dan günümüzə kimi”, “Bədii həqiqət axtarışında”, “Nəriman Nərimanov və teatr” və s. məqalələri müəllifin yaradıcılıq axtarışlarının əhatəsinin genişliyindən xəbər verir.
B.Qurbanovun rəhbərliyi ilə ölkəmizdə, eləcə də Rusiya, Gürcüstan və Türkiyədə on üç nəfər sənətşünaslıq və ya fəlsəfə üzrə namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə edib. O, eyni zamanda Azərbaycan və Türkiyədə 24 doktorluq və bir çox namizədlik dissertasiyası işinin opponenti, yaxud elmi məsləhətçisi olub.
Tanınmış alimin beynəlxalq konqres, simpozium və konfranslarda estetika və musiqişünaslığa dair məruzələri maraqla qarşılanıb.
Babək müəllim tərcümə sahəsində də fəaliyyət göstərib. Tanınmış alim A.Zisinin “Estetikada konfrontasiyalar” adlı fundamental monoqrafiyasını, Q.Puqaçenkovanın “Orta Asiyanın şah əsərləri: rəsm və miniatür” kitabını dilimizə çevirib. Eyni zamanda R.Əfəndiyev və T.Əfəndiyevanın “XIX və XX əsrin əvvəllərində Azərbaycan sənəti”, M.Səmədin “Dünya dahilərsiz yaşayanmaz (Lütfizadə haqqında)” əsərlərini türkcəyə uyğunlaşdırıb.
Pedaqoq-alimin gördüyü işlər xalqımıza, onun musiqi irsinə, ədəbiyyatına olan məhəbbətinə dəlalət edirdi. Türkiyənin “Orkestro” dərgisində Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Arif Məlikov, Tofiq Bakıxanov, Vasif Adıgözəlov, Azər Rzayev, Ramiz Mirişli, opera müğənnisi Lütfiyar İmanov, rəssam Mikayıl Abdullayev və başqaları haqqında dərc etdirdiyi yazılar musiqi mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan ədəbiyyatının vurğunu olan alimin N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun və başqaları haqqında yazıları Türkiyədə böyük maraqla qarşılanıb.
Bülbül adına Orta ixtisas musiqi məktəbində, konservatoriyada skripka ifaçılığının sirlərinə mükəmməl yiyələnən, görkəmli bəstəkar Cövdət Hacıyevdən dərs alan Babək müəllim həm də musiqilər yazırdı. Musiqini həm praktik, həm də nəzəri cəhətdən dərindən bilən musiqişünasın 40 əsərdən ibarət “Bəstələr məcmuəsi” bunu deməyə əsas verir. Məcmuədə müəllifin “Vəfasız”, “Buludlar”, “İntizar”, “Sevinc dolu”, “Xəyal”, “Sənsiz”, “Xatirə”, “Şərq romansı” və s. kimi maraqlı əsərləri toplanıb. B.Qurbanovun sənətşünaslıq doktoru İlqar İmamverdiyevlə birgə çap etdirdiyi “Fortepiano müşayiətli saz əsərləri”, “Fortepiano müşayiətli tar əsərləri” kitabları müəllim və tələbələr üçün gərəkli vəsaitlərdir.
Babək müəllimin nəcibliyi, xeyirxahlığı, qayğıkeşliyi və səmimiyyəti onu hər kəsin sevimlisinə çevirmişdi. Bu səbəbdəndir ki, alimin vəfatı musiqi ictimaiyyətini sarsıdıb. Qardaş ölkədə dünyasını dəyişən Babək Qurbanov ata yurdu Qazaxda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.