Neçə vaxt idi ki, paytaxt afişaları musiqisevərləri aprelin 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın populyar “Mezzo” qrupunun konsertinə dəvət edirdi. Zaman keçdi, konsertin məqamı gəldi. Afişadan boylanan dörd gülərüz cavan oğlanın konsertinə getməzdən əvvəl yüngül araşdırma apardıq.

Musiqi termini olan “Mezzo” italyan dilində orta, ortalıq mənasını verir. Qazaxların 2012-ci ildə yaranmış “Mezzo” qrupu isə “qızıl ortalığı” öz ifaçılığı üçün əsas götürüb. Dörd cavan – Jasulan Sıdıkov (dramatik tenor), Janibek Seytaxmetov (lirik tenor), Asan Nurbergenov (bariton) və Meyrxan Janturqanov  (tenor) bu gün daha çox ehtiyac duyulan bir janrı – klassik vokal və estrada musiqisinin sintezi olan krossover üslubunda ifaçılığı seçiblər.

“Mezzo” Azərbaycana gələnədək onlarla ölkədə çıxış edib, rəngarəng proqramları ilə xeyli alqış qazanıb. Onların repertuarında populyar opera və müzikllərdən ariyalar, bir zamanlar Enriko Karuzonun bütün dünyaya sevdirdiyi Neapol mahnıları, Frenk Sinatra, Elvis Presli, Müslüm Maqomayev, Alessandro Safina, Andrea Boçelli, Elton Con kimi səhnə nəhənglərinin repertuarından seçmələr yer alıb...

Konsert Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, həm də qardaş ölkədə elan edilmiş “Gənclər ili”nə töhfə vermək məqsədilə təşkil olunmuşdu. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan konsertdə nazir Əbülfəs Qarayev, hökumət üzvləri, millət vəkilləri və paytaxtdakı diplomatik korpusun nümayəndələri iştirak edirdilər.

Konsertdən öncə Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Beybit  İsabayev səhnəyə çıxaraq salona toplaşan hər kəsi salamladı və hamıya mənalı istirahət arzuladı.

Səhnəyə çıxan ifaçılar isə qonaqları dörd dildə – qazax, Azərbaycan, rus və ingilis dillərində salamladıqdan sonra oxumağa başladılar. İlk nömrə qazax xalq mahnısı olsa da, konsertin davamı dünya vokal sənəti incilərindən ibarət çiçək səbətini xatırladırdı. Ən məşhur hitlər, ilk ifaçısından daha uzun ömür yaşayan nəğmələr bir-birini əvəz edirdi. Fərqli səs tembrinə malik kvartet üzvləri mahnılar üzərində elə mükəmməl işləmişdilər ki, onların çıxışı unison ifa olaraq zövqləri oxşayır, qulaqları dincəldirdi…

Gənclər ifalarının arasında oxuyacaqları növbəti mahnı barədə də məlumat verirdilər. Lakin onların mahnıdan-mahnıya bir keçidi Azərbaycan dinləyicisinin diqqətini daha çox çəkdi: “Biz bu gün ilk dəfə öz kumirimizin, görkəmli müğənni Müslüm Maqomayevin doğma şəhərində oxuyuruq, onun dəfələrlə çıxış etdiyi səhnəyə çıxmışıq. Onun repertuarından, öz bəstəsi olan bir nəğməni bu səhnədən oxumaq şərəfli olduğu qədər çətindir”.

Məşhur “Mavi əbədiyyət” mahnısının ilk notları səslənən kimi salonu minnətdarlıq  alqışları bürüdü. Həyəcan əbəsmiş: “Mezzo” bu nəğməni böyük bəstəkar-ifaçının ruhuna layiq şəkildə ifa etdi (sonradan Qazaxıstan səfirliyindən alacağımız məlumatdan öyrənəcəkdik ki, gənc vokalçıların səhnədəki bu etirafı gəlişigözəl, yerli dinləyicilərin könlünü ələ almaq cəhdi deyilmiş: qrupun üzvləri konsertdən əvvəl Fəxri xiyabana gedərək, SSRİ Xalq artisti Müslüm Maqomayevin məzarını ziyarət ediblər). 

Lakin bu, “Mezzo”dan bizə yeganə sürpriz deyildi. Kvartet konsertin finalında Müslüm Maqomayevin “Azərbaycan” mahnısını da ifa etdi. Lakin tamaşaçıların sürəkli və davamlı alqışları onları səhnədən buraxmırdı. Nəhayət, “Mezzo” bis üçün “Mavi əbədiyyət” mahnısını yenidən oxudu və salon yenə alqış selinə qərq oldu...

Gülcahan MİRMƏMMƏD