Dünyanın onlarla dilində oxunan Çingiz Abdullayevin yubileyi münasibətilə yeni kitabı təqdim olundu

Dünya şöhrətli yazıçı, əsərləri 30-dək dilə tərcümə edilərək kütləvi tirajla işıq üzü görən Çingiz Abdullayevin 60 illik yubileyi ərəfəsində daha bir kitabı “Bank VTB (Azərbaycan)” tərəfindən nəşr olunub.

Aprelin 10-da “Four Seasons” hotelində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” (“Заговор в начaле эры”) kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə dövlət rəsmiləri, ədiblər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

“Bank VTB (Azərbaycan)” İdarə heyətinin sədri Yevgeni Anatolyeviç Kirin çıxış edərək Çingiz Abdullayevin dünyaca məşhur yazıçı olduğunu bildirdi. Qeyd etdi ki, bir sıra ölkələrdə böyük oxucu auditoriyası olan yazıçı Rusiyada da çox geniş oxunur. Bu gün təqdim olunan kitab da müəllifin kütləvi oxucusu olan əsərləri arasında xüsusi yer tutur.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Çingiz Abdullayevi 60 illik yubileyi münasibətilə təbrik etdi, xoş diləklərini bildirdi. Qeyd etdi ki, aprelin 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub: “Buna görə də mən böyük yazıçımızı təbrik edirəm. Çingiz Abdullayev Azərbaycanı dünya miqyasında tanıdan, təbliğ edən şəxsiyyətlərimizdəndir. Müxtəlif xarici ölkələrdə səfərdə olduğum zaman hər hansı bir mehmanxanada balaca bir kitab guşəsi varsa, orada Çingiz Abdullayevin bir kitabına rast gəlmək olur. Bu da o deməkdir ki, Azərbaycan ədəbiyyatı öz hüdudlarını aşaraq dünya səviyyəsində təqdim edilir, rəğbətlə qarşılanır”.

Əbülfəs Qarayev ədibin yubileyi ərəfəsində geniş oxucu auditoriyası olan əsərinin yenidən nəfis şəkildə nəşr olunmasını yüksək dəyərləndirdi, buna görə “Bank VTB (Azərbaycan)”a öz minnətdarlığını ifadə etdi. Vurğuladı ki, bank bir sıra mədəniyyət layihələrdə yaxından iştirak edir.

Nazir sonda bir daha yubilyar yazıçını təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı.

AYB-nin sədri, Xalq yazıçısı Anar və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Çingiz Abdullayevin həyat və yaradıcılığından, onunla dostluq münasibətlərindən söz açdılar. Qeyd olundu ki, dünya şöhrətli yazıçının əsərləri milyonlarla tirajla çap olunaraq müxtəlif ölkələrdə oxucuların rəğbətini qazanıb. Yubilyara xoş arzularını dilə gətirən natiqlər yazıçıdan bundan sonra da neçə-neçə gözəl əsərlər gözlədiklərini bildirdilər.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da yazıçını yubileyi münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladı.

Sonda çıxış edən Çingiz Abdullayev yubileyi ərəfəsində onu “Şərəf” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, yazıçının əsas istəyi onun əsərlərinin oxunmasıdır: “Rəssam istəyir ki, əsərlərini hər kəs görsün. Bəstəkarın, şairin və bütün yaradıcı insanların istəyi birdir. Maraqlıdır ki, dünyada detektiv janrda kitabları 60, 70 faiz kişilər oxuyur. Mənim əsərlərimi isə, əksinə, 70 faiz qadınlar oxuyur”.

Çingiz Abdullayev vurğuladı ki, müəllif yazıçı olduğunu sübut etməlidir: “Kitablar janr üzrə bölünmür. Mən bəzən eşidirəm barəmdə deyirlər bu, detektiv yazıçısıdır. Amma bu gün təqdim olunan əsərim tarixi romandır. Bu əsəri 14 ilə yazmışam. Tarixi romanlar belədir ki, gərək orada dəqiqlik olsun. Kitabın nəşrinə görə də “Bank VTB (Azərbaycan)”a öz minnətdarlığımı bildirirəm”.

Daha sonra yazıçı yeni kitabını imzalayaraq tədbir iştirakçılarına hədiyyə etdi.

Fariz HÜSEYNOV