“Frankofoniya həftələri” çərçivəsində sərgi
Aprelin 10-da Müasir İncəsənət Mərkəzində “Frankofoniya həftələri” çərçivəsində rəssamlar Antonina və Vitali Qrişukların əsərlərindən ibarət “Moldova mənim qəlbimdir” adlı sərginin açılışı olub. Sərgi Moldovanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilir.
Mərasimdə çıxış edən Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıların diqqətinə çatdırıb ki, sərginin ekspozisiyasına müxtəlif texnikalar – akvarel, tuş, qravüra və s. üzrə işlənmiş 50-dən çox əsər daxil edilib. Tablolarda paytaxt Kişineunun arxitekturası və məişəti, Moldova kəndləri təsvir edilib.
Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka qeyd edib ki, tanınmış rəssamlar Antonina və Vitali Qrişuklar artıq 25 ildir ki, öz ölkələrini onun hüdudlarından kənarda tərənnüm edirlər. Diplomat bildirib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkənin mədəni həyatında böyük rol oynayır və xalqlarımızın yaxınlaşmasına xidmət edir.
Vitali Qrişuk sərgiyə gələnlərə göstərdikləri diqqətə və qonaqpərvərliyə görə təşəkkür edib: “Bu rəsm əsərlərində Moldova insanının ruhu var. Antonina ilə mən onları bakılı tamaşaçılara təqdim etməkdən məmnunuq. Əminəm ki, tablolar sizin xoşunuza gələcək”.
Sonra qonaqlar moldovalı rəssamların əsərləri ilə tanış olublar. Ekspozisiya maraqla qarşılanıb.