Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə mərkəzin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb.
Aprelin 12-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə tədris ocağının rektoru, professor Hüseyn Qaraşov qonaqları salamlayaraq əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxsin öz hüquqlarını bilməsinin vacibliyini qeyd edib.
Mədəniyyət İşçilərinin Respublika Həmkarlar İttifaqının sədri, Əməkdar mədəniyyət işçisi Cəmilə Səttarova müəssisələrdə həmkarlar ittifaqının fəaliyyəti barədə danışıb. Bildirib ki, həmkarlar ittifaqı hər bir əməkdaşın, bütövlükdə kollektivin maraqlarını ifadə etməlidir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əliyev əməkdaşların iş fəaliyyətinin qiymətləndirilməsi barədə söz açıb, bununla bağlı hazırlanan yeni meyarların kollektivdə sağlam rəqabət mühitinin dəstəklənməsinə zəmin yaradacağını deyib.
Mərkəzin Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov “Kollektivdə münaqişələrin həllində HİK-nın rolu” mövzusunda çıxış edib.
Mərkəzin direktoru Asif Usubəliyev çıxışında bildirib ki, qiymətləndirmə meyarları əməkdaşların vəzifə funksiyalarının icrası ilə yanaşı, təşəbbüskarlıq mövqeyinə köklənməsinə xidmət edəcək.
Sonda ictimai işlərdə fəallığı ilə seçilən əməkdaşlara Mədəniyyət İşçiləri Respublika Həmkarlar İttifaqının fəxri fərmanları təqdim edilib.
L.ƏLƏKBƏROVA