Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə Portuqaliyanın paytaxtı Lissabonda Beynəlxalq Ağa Xan Fondunun təsis etdiyi “Aga Khan Music Award” mükafatı ilə təltif olunub.
Aprelin 12-də Bəstəkarlar İttifaqında bununla bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə əvvəlcə bəstəkarın “Nasimi Passion” əsərinin konsert təqdimatının videoyazısı nümayiş olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, musiqişünas Həcər Babayeva çıxış edərək Firəngiz Əlizadənin beynəlxalq uğuru, həmçinin mükafat barədə məlumat verib. Bildirib ki, 1967-ci ildə yaradılmış “Aga Khan Foundation” bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan Music Award”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu Firəngiz Əlizadə olub. Mükafat bəstəkara “Nasimi Passion” əsərinə görə verilib.
Diqqətə çatdırılıb ki, Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbirdə bəstəkarlıq sahəsində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başqaları çıxış edərək bəstəkarı beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edib və ona yaradıcılığında yeni uğurlar arzulayıblar.
Çıxışlarda bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilib. Vurğulanıb ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra” və “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən ifa olunur.
Beynəlxalq Ağa Xan Fondunun mükafatı ilə təltif olunmasından məmnunluğunu ifadə edən F.Əlizadə 2017-ci ildə Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası keçirilən “Nasimi Passion” əsəri barədə fikirlərini bölüşüb.