Aprelin 17-də Azərbaycan-Fransız Universitetində (UFAZ) yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2019” startap proqramının ölkə finalı keçirildi. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə gerçəkləşdi.
Tədbirdə UFAZ-ın professoru Sultan Əhməd çıxış edərək iştirakçılara uğurlar arzuladı və bilik yarışmasının əhəmiyyətindən söz açdı. Bildirildi ki, proqrama qəbul olunmuş 19 startap komandası “Creative Business Cup Azerbaijan” finalında Azərbaycanı bu ilin iyun-iyul aylarında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Creative Business Cup”ın dünya finalında təmsil etmək şansı qazanacaq.
Diqqətə çatdırıldı ki, “Creative Business Cup” 4 əsas mərhələdən ibarətdir. Azərbaycan üzrə builki nəticələrə görə, proqrama 168 müraciət arasından 19 startap seçilib və CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzrə keçirilən ikigünlük intensiv kampda iştirak ediblər. Sonra komandalar 5 həftəlik ölkədaxili koçinq sessiyalarından keçib. Burada ekspertlər tərəfindən “Creative Business Cup”ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək layihələrin ilkin işlək versiyası ilə ölkə finalına qatılıblar.
Tədbirdə komandalar münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar etdilər. Memarlıq, moda, musiqi, film, video və fotoqrafiya, idman, kompüter oyunları və elektronika, oyuncaqlar və oyunlar, 3D çap, proqram təqdimatı, dizayn, təcrübə texnologiyaları, reklam, qastronomiya, teatr, rəssamlıq və incəsənət, radio və televiziya üzrə təqdimatlar maraq doğururdu.
İştirakçılardan Anar Əkbərli komiks personajlarının fiqurlarını, animasiyalarını nümayiş etdirdi. Onun birinci məhsulu - Azərbaycanın ilk milli Koroğlu komiksi artıq böyük nüsxə ilə satışa çıxarılıb.
Layihədə həmçinin böyük sahələri sərfəli rəngləyən robot da maraqlı ideyalardan biri idi. Eləcə də uşaqlara əlifbanı, sözləri öyrətmək üçün 6 dili dəstəkləyən qurğu (aparat) da diqqəti cəlb edirdi. Yaddaqalan təqdimatlar arasında filmlərin video-çarxlarına baxmaq üçün “İmaginary” android applikasiyası da özünəməxsusluğu ilə seçilirdi.
Sonda final təqdimatının nəticələri elan edildi:
1-ci yer – “BrailleTeach” layihəsi (görmə məhdudiyyəti olan uşaqlara əlifbanın öyrədilməsi üçün cihaz);
2-ci yer – “Climasel” layihəsi (memarlıqda istifadə etmək üçün evlərdə hərarəti stabil saxlamağa yönəlmiş material);
3-cü yer – “İmaginary” layihəsi (filmin kadrı əsasında film adını, treylerini və digər məlumatları tapmaq üçün tətbiq).
Qeyd edək ki, Kopenhagendəki dünya finalına 70-dən çox ölkədən komandalar qatılacaq.
FARİZ