Milli musiqi xəzinəmizə əvəzsiz töhfələr verən bəstəkar Tofiq Quliyevin mahnıları həmişə sevilə-sevilə dinlənilir, zövqləri, ruhları oxşayır. O, milli kino musiqimizə də fərqli üslub, düşüncə tərzi gətirən sənətkardır.
Tofiq Quliyevin filmlər üçün yazdığı bir çox mahnılar sonradan neçə nəsil ifaçıların repertuarında özünə yer qazanaraq uzun sənət ömrü yaşamaqdadır. Onlardan biri də “Zibeydə” mahnısıdır. 1955-ci ildə rejissor Lətif Səfərov tərəfindən ekranlaşdırılan “Bəxtiyar” filmi üçün yazılan mahnının tarixçəsi də maraqlıdır...
Lətif Səfərov “Bəxtiyar” filmini çəkməyə hazırlaşanda bəstəkar kimi Tofiq Quliyevə müraciət edir. Estrada musiqisinin incəliklərinə dərindən bələd olan və Şərq, milli intonasiyaları estrada janrında ustalıqla yaradan Tofiq Quliyev isə bu film üçün, həqiqətən, unudulmaz əsərlər ərsəyə gətirir. “Zibeydə” mahnısı isə, əslində, filmin baş qəhrəmanı, bənzərsiz səsə malik Bəxtiyar Muradovun fırıldaqçı klub müdiri Ağabalanın toruna düşərək bayağı mahnılarla məşhurlaşmaq istədiyini göstərmək üçün yazılmışdı. Lakin bəstəkarın “bayağı” mahnı olaraq yazdığı “Zibeydə” Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarların repertuarında geniş dinləyici və tamaşaçı rəğbəti qazanır, estrada musiqimizin şedevrlərindən birinə çevrilir.
Sözləri şair Ənvər Əlibəyliyə aid olan bu mahnı müasir caz və estrada elementli, bununla belə milli koloritli əsərdir. Ənvər Əlibəyli misraları yaddaqalan və səmimidir. “Zibeydə” mahnısının yaranışı şairin ailəsi üçün də yaddaqalan olur. Belə ki, şairin həyat yoldaşı Şövkət xanım bir gün soruşur ki, niyə o mahnıda Şövkət yox, Zibeydə yazmısan? Şair isə cavab verir ki, həmin mahnı üçün ikihecalı deyil, üçhecalı ad lazım idi. Ən gözəli də Zibeydə uyğun gəldi. Bundan sonra isə şair Rauf Hacıyevlə həyat yoldaşının şərəfinə “Sevgilim” əsərini ərsəyə gətirir.
Şairin arxivdə qorunan lent yazısında “Bəxtiyar” filmində mahnıların yaranması və bəstəkarla bağlı fikirləri yer alıb. Ənvər Əlibəyli deyir: “Tofiq Quliyev mətnə çox həssas yanaşırdı. O, şeirdə deyilən fikri ustalıqla tamaşaçıya çatdıra bilirdi. Onun mahnılarının uğurunun bir sirri də budur”.
“Zibeydə” mahnısı da belə əsərlərdən idi. Mahnıda müxtəliflik, qəribə keçidlər var. Gözəl musiqi həm də gözəl hislər və gözəl sevgilərdən yaranır. Paradoks ondadır ki, film üçün bəstəkar ən uğursuz mahnı yazmalı idi. Amma əksinə oldu. Bu həm də onu təsdiq edir ki, əsl sənətkarlar heç zaman zəif əsərlər yaratmırlar.
Bu illər ərzində “Zibeydə” mahnısının bir-birindən maraqlı aranjimanları yaranıb. İlk möhürünü Rəşid Behbudov vuran bu mahnı sonra onu səsləndirən bütün ifaçıların vokal bacarığı elə ilkin variantla müqayisə edilir. Bu məqamda İctimai Televiziyanın hazırladığı sənədli filmin məlumatlarına müraciət edirik. Filmdə qeyd olunur ki, 1978-ci ildə “Melodiya” şirkəti Tofiq Quliyevin mahnılarından ibarət plastinka buraxır.
Caz kompozisiyaları bölməsində mahnını Müslüm Maqomayev oxumalı imiş, lakin müğənninin vaxtı olmadığından mahnı İosif Kobzonun ifasında yazılmalı olur. Daha sonra isə mahnı ölməz Müslüm Maqomayevin də repertuarına daxil oldu. O, mahnını fərqli tempdə təqdim etdi. Mahnının instrumental versiyaları da yarandı. İlk versiyanı Vaqif Mustafazadə yaratdı və “Sevil” vokal ansamblı da bu mahnını caz üslubunda təqdim etdi. 80-ci illərdə isə bu mahnıya həmin dövrdə populyar olan estrada müğənnisi Cəfər Behbudov müraciət edir. 80-ci illərdə bu qayıdış mahnının yeni bir mərhələyə qədəm qoymasına zəmin yaradır. 90-cı illərdə isə Rafiq Babayev öz studiyasında bu mahnını yeni aranjimanda hazırlayır və mahnı Tofiq Quliyevin yubileyində o vaxt gənc müğənni olan Faiq Ağayev tərəfindən ifa edilir. Mahnıya mərhum müğənni Elçin Cəlilov, cazmen Cavan Zeynallı da müraciət edib. 1997-ci ildə Tofiq Quliyevin 80 illik yubileyində “Bəri bax” qrupu bu mahnını ifa edir. Yubiley üçün mahnını Xalq artisti Siyavuş Kərimi aranjiman etmişdi. Bu günə kimi bir çox caz ifaçılarımız mahnıya instrumental şəkildə müraciət edib və hər kəs onu özünəməxsus, öz düşüncəsi kimi təqdim edib.
Müasir günümüzdə gənc və səhnəmizin sevilən müğənniləri də mütəmadi olaraq “Zibeydə” mahnısına müraciət edirlər. Əsər unudulmur və hər zaman dəbdədir, onilliklər bu mahının üzərinə kölgə sala bilmir. Yeni nəsillər vasitəsilə nəğmə öz həyatını davam etdirəcək və mahnının hər yeni ifası ona yeni bir nəfəs gətirəcək.
Lalə AZƏRİ