Azərbaycan rəssamlarının Dubayda keçirdikləri “Baku breeze” (“Bakı sahil küləyi”) sərgisi çərçivəsində armudu stəkanlarda Azərbaycan milli ornamentinin motivləri əsasında vitraj naxışı üzrə ustad dərsi təşkil olunub.
Sərginin təşkilatçısı və “Mincə sənət” qalereyasının sahibi Fidan Bədəlova bildirib ki, ustad dərsinin keçirilməsi Azərbaycan mədəniyyətinin, təsviri sənətinin təbliğinə xidmət edir.
O deyib ki, rəssam-dizayner Mehriban Əliyevanın keçirdiyi ustad dərsində azərbaycanlı və əcnəbi iştirakçılara armudu stəkanların ornamentlərlə bəzədilməsi nümayiş etdirilməklə yanaşı, öz əlləri ilə ornamentləri əlavə edən qonaqlara bu stəkan və üzərindəki naxışlardan bəhs edilib. F.Bədəlovanın sözlərinə görə, rəssam-dizayner Mehriban Əliyevanın özü bir neçə texnika ilə məşğul olur və “Dərvişi” mövzusunda keçədən hazırladığı əl işi olan böyük xalçanı təqdim edir.
Aprelin 11-dən 17-dək davam edən sərgidə Azərbaycandan 25 rəssamın əl işləri nümayiş olunub. Onlardan Nadejda Bıçkova, Məhbubə Paşayeva, Səidə Əkbərova, Tamilla İbrahimova, Aydan Məmmədova və Sevil Kərimova Dubaydakı Azərbaycan Ticarət Evində keçirilən ekspozisiya günlərində öz əsərlərini təqdim ediblər.