X Beynəlxalq Rostropoviç Festivalı məşhur ifaçı və kollektivləri bir araya gətirib
Daim qonaq-qaralı, müxtəlif tədbir-mərasimli Bakı növbəti musiqi bayramına ev sahibliyi edir. Xüsusilə klassik musiqi həvəskarlarının, peşəkar musiqiçilərin maraqla gözlədiyi X Beynəlxalq Rostropoviç Festivalı aprelin 22-də işə başladı.
Bir həftə ərzində şəhərimizin müxtəlif konsert salonlarında səslənəcək musiqilər zövqləri oxşayacaq. Yubileyini qeyd edən festivalda Rusiya, İsveçrə, Almaniya, İspaniya, ABŞ-dan məşhur kollektivlər – Boris Eyfmanın Balet Teatrı (Sankt-Peterburq), Mühchenklang Orkestri və Xoru, Lozanna Kamera Orkestri, tanınmış pianoçular Boris Berezovski, Yefim Bronfman, Aleksandr Kantorov, skripkaçı Sergey Krılov, violonçel ifaçısı Pablo Ferrandez və başqaları iştirak edirlər. Festivalda həmçinin Xalq artisti Rauf Abdullayev, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri də çıxış edəcək. Konsert proqramlarında L.V.Bethoven, Y.Brams, C.Verdi, F.Şubert, K.Sen-Sans, P.İ.Çaykovski, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, N.Metner, Q.Forenin əsərləri yer alacaq.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın açılışı oldu.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev növbəti festival münasibətilə sənətsevərləri təbrik etdi. Qonaqları Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviçin adından da salamlayan nazir festivalda iştirak edəcək ifaçı və kollektivlərə uğurlar arzuladı. Bildirdi ki, hər festival bir sənət bayramıdır: “Artıq onuncu dəfədir ki, Azərbaycanda unudulmaz Mstislav Rostropoviçin adını daşıyan festival keçirilir. Bu festivalın təşəbbüskarları Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviçdir. Fürsətdən istifadə edərək bu gözəl festivalın təşəbbüskarlarına minnətdarlığımı bildirirəm. Biz fəxr edirik ki, festival çərçivəsində illər boyu Azərbaycana gələn kollektivlər içərisində dünyanın ən tanınmış ifaçıları olub. Bu il də istisna olmayacaq və musiqisevərlər tanınmış musiqiçilərin ifalarını eşidəcəklər”.
M.Rostropoviçin Azərbaycan mədəniyyətində böyük iz qoyduğunu deyən Əbülfəs Qarayev onun XX əsr musiqi prosesində özünəməxsus yerinin olduğunu bildirdi: “Təsadüfi deyil ki, Azərbaycanın zəngin musiqi mədəniyyətindən danışarkən adlarını sadaladığımız sənət xadimləri sırasında Rostropoviçlər də var. Bu gün Azərbaycan musiqiçiləri dünyanın aparıcı səhnələrində ölkəmizi təmsil edirlər. Əminəm ki, bu musiqi ənənələri davam edəcək. Çünki Azərbaycan dünyada öz musiqi mədəniyyəti, özünəməxsus ənənələri olan ölkə kimi tanınır”.
Nazir çıxışında festivalın vahid musiqi dilində “danışan” və onun sayəsində dosta çevrilən insanların görüş yeri, ünsiyyət məkanı olduğunu dedi. Qeyd etdi ki, musiqi bayramı ölkə başçısının diqqət və qayğısı ilə uzunömürlülük qazanıb. Festival günlərində gözəl musiqilər səslənəcək, şəhərimizə təşrif buyuran musiqiçilərin ifaları qəlblərdə öz yerini tutacaq.
Çıxışdan sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti başladı. İkihissəli konsertdə dünya şöhrətli bəstəkarlar Lüdviq van Bethoven (“Eqmond” dramından uvertüra), Pyotr Çaykovski (“Violin və orkestr üçün konsert”) və Yohan Bramsın (“Fortepiono və orkestr üçün konsert”) əsərləri səsləndirildi. Tanınmış solistlər – violin ifaçısı Sergey Krılov (Rusiya) və pianoçu Aleksandr Kantorovun (Fransa) ifaları sürəkli alqışlarla qarşılandı.
* * *
Rəngarəng festival proqramının ikinci günü də (23 aprel) yaddaqalan oldu. Musiqisevərlər Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində möhtəşəm Lozanna Kamera Orkestrinin (İsveçrə) konsertini izlədilər. Tanınmış dirijor Coşua Vaylerştaynın (ABŞ) rəhbərliyi ilə Yorq Vidmanın “Con brio” konsert-uvertürası, Lüdviq van Bethovenin “Fortepiano və orkestr üçün konsert”i, “5-ci simfoniyası”, Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər təqdim olundu. Pianoçu Yefim Brofmanın (İsrail) solist olduğu bu konsert də tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Qeyd edək ki, X Beynəlxalq Rostropoviç Festivalı aprelin 27-dək davam edəcək. Aprelin 24-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında rusiyalı pianoçu Boris Berezovskinin iştirakı ilə fortepiano musiqisi axşamı keçiriləcək.
HƏMİDƏ